Bakıda Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti arasında “Fəal Ailəm, Sağlam Aləm” (FASA) proqramı çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.


 


FASA proqramı MOK, “Coca-Cola” və Təhsil Nazirliyi arasında 5 illik əməkdaşlığı çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməkdir.


 


Proqram çərçivəsində Bakı və Azərbaycanın digər bölgələrindəki məktəblərdə sağlam həyat tərzinə dair seminarlar və idman yarışları təşkil olunub. Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Təhsil Nazirinin müavini Ceyhun Bayramov və “Coca-Cola” şirkətinin market-meneceri Qabil Əhmədov ilə yanaşı MOK-un icraiyyə komitəsinin üzvləri, olimpiya və dünya çempionları, həmçinin, müxtəlif idman və qeyri-idman qurumlarının nümayəndələri iştirak edib.


 


İmzalama mərasimi FASA proqramının 2014-cü il üçün seçilmiş yeni Milli Olimpiya səfiri, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın təqdimatı ilə başladı. Olimpiya çempionu Fərid Mansurov (Afina-2004) Milli Olimpiya səfiri kimi 2013-cü ildən fəaliyyət göstərir və bu ictimai vəzifəsini 2014-cü ildə də davam etdirəcəyinə razılıq verib. Bundan sonra 2013-cü ildə həyata keçirilmiş fəaliyyətlər, əldə edilmiş uğurlar və 2014-cü il üçün nəzərdə tutulmuş fəaliyyət planı təqdim olundu.


 


Tədbirdə çıxış edən Ç.Hüseynzadə Azərbaycanda Olimpiya hərəkatı və onun inkişaf tarixindən, həmçinin, təqdim olunan proqramın sağlam və fəal həyat tərzininin təbliğindəki əhəmiyyətli rolundan danışıb, bu kimi sosial idman layihələrinin geniş əhali kütləsinin 2014-2015-ci illərdə Bakıda keçiriləcək Avropa Oyunlarına həssaslığının artırılmasında əhəmiyyətli vacib rol oynadığını vurğulayıb.


 


Ç.Hüseynzadə Milli Olimpiya səfirlərinin proqramın uğurlu icrasında vacib rolundan söz açaraq, onlara xüsusi təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Çıxışının sonunda vitse-prezident Təhsil Nazirliyinin bədən tərbiyəsi və idmanının inkişafı, o cümlədən Olimpiya hərəkatının genişlənməsi sahəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və təhsil sahəsində idmanın inkişafı üçün son zamanlar həyata keçirilən təşəbbüsləri alqışladığını qeyd edib.


 


Tədbirdə çıxış edən təhsil nazirinin müavini C.Bayramov “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulu və buna dair Azərbaycan Prezidentinin müvafiq sərəncamı haqda danışıb. Nazir müavinin sözlərinə görə, təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsi müstəsna əhəmiyyət kəsb edir.


 


Bu baxımdan məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqi həyatı zərurətə çevrilib. FASA proqramının strategiyadan irəli gələn bu kimi vacib vəzifələrə xidmət etdiyini nəzərə alaraq, C.Bayramov tarixi əhəmiyyətli bu proqramın icrasında MOK və “Coca-Cola” şirkəti ilə əməkdaşlıq etməkdən məmnunluğunu ifadə etdi. 



 


Öz növbəsində “Coca-Cola”nın market-meneceri Q.Əhmədov şirkətin Olimpiya Oyunlarının əsas ümumdünya tərəfdaşı kimi fəaliyyətindən, müvafiq sahədə MOK ilə olan uğurlu əməkdaşlığından danışıb. FASA proqramının 2013-cü il fəaliyyətinin uğurlu nəticəsindən məmnunluğunu söyləyən şirkət rəsmisi, Təhsil Nazirliyinin proqramın rəsmi tərəfdaşı olmasına razılıq verməsinin 2014-cü il uğurunun zəmanəti adlandırıb.


 


Q.Əhmədovl bu kimi tarixi əhəmiyyətli proqramın yaradılmasında MOK, Təhsil Nazirliyi və Milli Olimpiya səfirlərinə, həmçinin əziyyəti olan digər qurumlara və şəxslərə dərin təşəkkürünü bildirərək proqramın fəaliyyəti və qarışdan gələn idman yarışlarının ən yüksək səviyyədə keçirilməsində azərbaycanlı tərəfdaşlara uğurlar arzulayıb: “Mən şadam ki, FASA proqramı çərçivəsində keçirilən açıq ailə idman turniri 50 mindən çox insanı cəlb edə bilib və ümidvaram gələcəkdə bu yarışlarda Bakı və Azərbaycanın digər regionlarından iştirakçıların sayı artacaq”. Təqdimatdan və rəsmi çıxışlardan sonra “Fəal Ailəm, Sağlam Aləm” proqramı çərçivəsində MOK, Təhsil Nazirliyi və “Coca-Cola” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.



 


“Coca Cola” şirkəti haqqında:


 


“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. ABŞ dollar olan brendlər daxildir: “DietCoke”, “Fanta”, “Sprite”, “Coca-ColaZero”, “vitaminwater”, “Powerade”, “MinuteMaid”, “Simply” və “Georgia Coffee”. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər.


 


“Coca-Cola” şirkəti hər gün 1,8mlrd. Içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.