Bu gün Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev və Palatanın üzvləri arasında işgüzar görüş keçirilib. Görüşdə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin və biznes qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən DSMF-ın sədri E. Mehdiyev Fondla Palata arasında çox səmərəli əməkdaşlıq ənənələrinin olduğunu vurğulayaraq bildirib ki, bu əməkdaşlıq Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi köklü islahatlar nəticəsində reallaşdırılan açıq hökumətin təşviqi tədbirləri və ölkədə müasir əsaslı korporativ-sosial məsuliyyət mexanizmlərinin formalaşması nəticəsində daha da inkişaf edib.
DSMF sədri qeyd edib ki, 2003-2013-cü illərdə həyata keçirilən islahatlarla Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlılığını təmin edən müasir sığorta-pensiya sistemi formalaşdırılıb.
“Sosial sığorta və pensiya sisteminin inkişafı bu sahədə tərəfdaşların aktiv iştirakından birbaşa asılıdır və ötən dövrə nəzər saldıqda Fond və Palatanın həmin istiqamətdə çox səmərəli əməkdaşlığa imza atdığını müşahidə edirik. Bu əməkdaşlıq Azərbaycanda fəaliyyət göstərən həm xarici, həm də yerli şirkətlər üçün optimal biznes mühitinin təşviq edilməsinə, ölkədə çalışan əcnəbi vətəndaşların sosial sığorta, fərdi uçot və pensiya təminatı sistemi ilə əhatə olunması üçün qanunvericiliyin və təkmil mexanizmlərin formalaşdırılmasına öz töhvələrini verib”, deyə E. Mehdiyev bildirib.
DSMF sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi olan sığorta-pensiya islahatları barədə məlumat verərək “Azərbaycanda pensiya islahatları: yeni mərhələnin əsas hədəfləri” mövzusunda təqdimatla çıxış edib. O, həmçinin, 2014-2020-ci illərdə perspektiv qiymətləndirmələr, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üzrə strateji hədəflər barədə ətraflı məlumat verib və bildirib ki, yaxın perspektivdə başlıca hədəf pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, əmək pensiyalarının yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi yolu ilə sığorta-pensiya sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olmaqdır.
“AmCham” haqqında:
Azərbaycanda “AmCham” - Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, “AmCham” öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış “AmCham” 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. “AmCham” Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə “AmCham”ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökümətlə geniş əlaqə imkanları əldə edir.
Web: www.amchamaz.org
Mail: chamber@amchamaz.org