Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) Bakıda təşkil etdiyi aylıq işgüzar naharında iştirak edib.


 


Tədbirin açılış mərasimində çıxış edən “AmCham”ın icraçı direktoru xanım Nərgiz Nəsrullayeva-Müdüroğlu qonaqları və İ. İsayevi salamlayıb və “AmCham”la Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığa görə nazirlik rəsmisinə minnətdarlığını bildirdi: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə daimi əməkdaşlığımız Palatanın üzvləri üçün işgüzar imkanlarını artırır və Nazirlik biznes mühiti ilə daha yaxın olması imkanını yaradır”.



 


Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə əmək hüquqları sisteminin inkişafına, işçi hüquqlarının təminatına diqqət və qayğısının bu sahədə islahat tədbirlərinin aparılmasında mühüm əsas olduğunu vurğulayıb.


 


Nazir müavini “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, əmək müqaviləsi bildirişlərinin elektron hökumət portalı üzərindən elektron informasiya sisteminə (EİS) daxil edilərək qeydiyyata alınması mexanizminin hazırlandığını bildirib: “EİS-in proqram təminatı artıq hazırdır və yaxın aylarda sistemin tətbiqinə başlanacaq.


 


Bu mexanizm əmək bazarında mövcud münasibətlər sisteminin elektron qaydada hüquqi müstəvidə əhatə olunmasına imkan yaratmaqla, həm işçilərin, həm də biznes strukturlarının əmək bazarında mənafelərini ifadə edəcək”. EİS-dən istifadə ilə bağlı müvafiq məlumatlandırma işlərin aparıldığını diqqətə çatdıran İ. İsayev, eyni zamanda əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə hazırlanan Milli Strategiya layihəsindən bəhs edib, layihəyə əsasən ölkədə Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılacağını bildirib. 


 


Aparılan islahatlarda sosial tərəfdaşlarla, o cümlədən işəgötürənlərlə əməkdaşlığa mühüm önəm verildiyini qeyd edən İ. İsayev ayrı-ayrı iri şirkətlərlə əməkdaşlığa dair Memorandumların, peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin edilməsi üçün 3 iri sığorta şirkəti ilə sazişlərin imzalandığını bildirib. Nazirliklə “AmCham” arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayan nazir müavini “Həm xarici, həm də yerli şirkətlərlə sosial tərəfdaşlıq çərçivəsində əməkdaşlıq mühiti əmək bazarının inkişafı, əmək münasibətlərinin təkmilləşdirilməsi tədbirlərinin təşkili zamanı sahibkarların da rəy və təkliflərinin öyrənilməsinə və nəzərə alınmasına imkan verir.


 


Çünki bu sahədə atılan addımlar əmək bazarındakı tərəflərin ümumi maraqlarına xidmət edir”, - deyə bildirib. Sonra İ. İsayev tədbir iştirakçılarının suallarını cavablandırıb. Tədbirin sonunda “AmCham”ın Prezidenti İlqar Vəliyev İ. İsayevə və Nazirliyin rəhbərliyinə “AmCham” ilə davamlı əməkdaşlığa görə səmimi təşəkkürünü bildirdi, əlavə olaraq, gələcəkdə birgə işlərin və layihələrin həyata keçirilməsinə ümidvar olduğunu vurğuladı.


 


“AmCham” haqqında:


 


“AmCham” - Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, “AmCham” öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış “AmCham” 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. “AmCham” Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə “AmCham”ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. AmCham üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.


 


Web: www.amchamaz.org


Mail: chamber@amchamaz.org