Yayın ən isti günlərini yaşayırıq. İnsanlarımız kimi şirkətlərimiz də aktivliklərinə müvəqqəti fasilə verib kimi görünür. Amma biz facemark.az olaraq bu yay marketerlər üçün çox maraqlı ola biləcək bir proyektin üzərində işlədik və nəhayət bitirdik. Forumdan sonra həm bu proyekt, həm də facemark.az yazarlarının yazılarının yığmasından ibarət kitabının nəşri əsas prioritetlərdəndir.
Beləliklə, yazının da adından göründüyü kimi ilkin etapda Türkiyə və Rusiyanın ən məşhur marketinq, reklam və biznes jurnallarına Azərbaycanda abunə yazılma imkanı var. Bu jurnallara Marketinq Türkiyə, BrandAge, MediaCat, Forbes Türkiyə, Capital, Ekonomist, DigitalAge, РБК, Forbes Rusiya kimi 9 jurnalı Siz həmin jurnalların çıxdığı andan ən gec 1 həftə ərzində istədiyiniz ünvanda əldə edə biləcəksiniz.
Xarici marketinq jurnallarına yerli marketerlərin ehtiyacı varmı?
Sürətlə inkişaf edən Azərbaycan marketinqi hər keçən gün əhatəsini genişləndirərkən, savadlı marketinq adamlarına da ehtiyac duyulmağa başlanıb. Ölkəmizdə marketinq sahəsindəki təhsil uzun müddət məhdud sayda kitab və praktiki olmayan bir öyrətmə sistemi ilə keçirilib. Bu da özü ilə marketinq icmamızın təbii olaraq ehtiyacı olan inkişaf səviyyəsinə çatmamasına səbəb olub. Son dövrlər isə sevindiricidir ki, marketinq sahəsində çalışan dostlarımız özlərini şəxsi təşəbbüsləri və praktiki yollarla inkişaf etdirməyə başlayıb. Amma gəlin razılaşaq ki, bəzən tənbəlliyimizdən, bəzən də vaxtımızın azlığından, gündəlik işlərin içində boğulduğumuzdan özümüzə kapital yatırımına, yəni mütaliəyə o qədər də fikir verə bilmirik. XXI əsrdə hər şeyin qapıya gəldiyi bir dövrdə Siz marketerlərin istədiyi jurnallar niyə qapınıza qədər gəlməsin ki? Təbii ki, yaxşı olardı ki, öz milli marketinq jurnalımız olsun və bizlər onun inkişafı naminə birləşərək çalışaq. Lakin hələ də gec deyil, qısa zamanda bunu da edəcəyimizə əminik. Ona qədər isə bizə ən yaxın olan ölkələrin marketinq jurnallarını aylıq, rüblük, illik olaraq izləməkdə, oxumaqda böyük fayda var.
Marketinq və biznes jurnallarına necə abunə olmaq olar?
Bunun üçün http://magazine.facemark.az/ linkinə keçid edib lazımı məlumat xanalarını doldurmaq lazımdır. Burada Siz öz şəxsi məlumatlarınızla yanaşı abunə olmaq istədiyiniz jurnal(lar)ı seçirsiniz. Həmçinin seçdiyiniz jurnalları 1, 3, 6, 12 aylıq abunə yolu ilə seçə bilərsiniz. Daha sonra çatdırılma növü xanasından jurnalların hansı yolla çatdırılmasını qeyd edirsiniz. Bütün məlumatları doldurduqdan sonra “göndər” düyməsinə basıb sifarişi təsdiq edirsiniz. Daha sonra operator Sizinlə əlaqə saxlayıb lazımı dəqiqləşmələri aparır və Sizə seçdiyiniz jurnalların çatdırılma vaxtı barədə məlumat verir.
http://magazine.facemark.az/ linkində aşağıda Siz abunə ola biləcəyiniz jurnallar haqqında qısa məlumat da ala bilərsiniz. Ümidvarıq ki, bu yeni layihəmiz bütün marketer və iqtisadiyyatla maraqlanan dostlarımız üçün faydalı olacaqdır. Sizin təklif və iradlarınıza isə həmişə olduğu kimi açığıq. Çünki yeganə məqsədimiz ölkəmizdə marketinqdin inkişafına təkan verməkdir.