Daha bir azərbaycanlı – Fərhad Kərimov – “Microsoft”un Ən Dəyərli Mütəxəssis (MVP – “MostValuable Professional”) adına layiq görülüb. “Microsoft” MVP mükafatını təşəkkür əlaməti olaraq entuziazm, texniki təcrübə və “Microsoft” məhsulları haqqında real məlumatı digərləri ilə bölüşən, müstəsna və müstəqil icma liderlərinə təqdim edir.


 


Bu, “Microsoft” şirkətinin texniki icmaların dəstəyi və inkişafı çərçivəsində üzərinə götürdüyü məsuliyyətinin bir hissəsidir. “Microsoft” bu insanların texnologiya qavrama və inkişaf etdirməsində vacib rolunu qəbul edir və bu, öz növbəsində, müştərilər üçün daha keyfiyyətli məhsulları çatdırmaqda bir köməkdir.


 


Bundan ruhlanaraq “Microsoft” bu mükafatı təsis edib. 20 il öncə bu mükafat cəmi 37 icma liderlərinə təqdim olunmuşdu. Bu gün sözügedən rəqəm artıq 4 000-ə çatıb. Bu mütəxəssislər 40 dildə danışan 90 ölkənı təmsil edir və ildə 10 mlrd. sualı cavablandırmaqla, 90-a yaxın “Microsoft” mükafatlarına layiq görülüblər. Ən dəyərli mütəxəssislər “Microsoft” məhsullarını ətraflı bilmələri ilə yanaşı, həmçinin, bu məhsulların dünya boyu necə istehsal olduqlarına da bələddirlər.


 


“Micrsosoft” bu mütəxəssisləri öz texniki resursları ilə təmin etməklə, onları məhsul komandalırına dəvət edir və beləcə, onların təmsil etdiyi icmaların texnologiya inkişafında öz töhfələrin verməkləri üçün şərait yaradır. “MVP adına layiq olmaq ilk öncə insanın özünə güvən verir. Həqiqətən anlayırsan ki, əziyyətin əbəs yerə deyil. Bu zaman çəkdiyin əziyyət insana xoş gəlir. MVP adını almaq üçün ilk öncə bildiyini paylaşmalısan, çalışmalısan ki, digərləri də sənin bildiklərindən faydalansın.


 


Bu, həm də insanın özünə xeyirdir. Belə bir söz var – “insan öyrədərkən, özü də öyrənir” – daim çalışmalısan ki, öz üzərində işləyəsən, biliklərini artırasan və inkişaf edəsən. Nəzərə almalıyıq ki, bu gün öyrəndiyimiz gün keçdikcə köhnəlir. Bir müddət sonra isə bu məlumat heç kəsə lazım olmayacaq. Ən yaxşısı elə öyrənərkən bu bilgini paylaşmaqdır. Paylaşmaq, paylaşmaq və yenə paylaşmaq”, - deyə F. Kərimov bildirib. Qeyd edək ki, Fərhad Kərimov 1987-ci ildə Bakı şəhərində anadan olub.


 


O, Azərbaycan Dövlət Neft Akademiyasını bitirib və hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondunda çalışır. Technet.az layihəsində müəllifi olan F. Kərimov mütəmadi olaraq məqalələr yazır və seminarlar verir. MVP ilə yanaşı onun MCSA, MCTSA, MCİTP, MCP, MCT və CCNA sertifikatları mövcuddur. Xatırladaq ki, cari ilin əvvəlində “Microsoft” Korporasiyası azərbaycanlı İT-mütəxəssisləri Aydın Əliyev vəElgüc Yusifbəylini də analoji ada layiq görüb.


 


“Microsoft” haqqında:


 


1975-ci ildə təsis edilmiş “Microsoft” korporasiyası proqram təminatı istehsalında dünya lideridir. “Microsoft” korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri.


 


“Microsoft” korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.