Marketinq, iqtisadiyyatın idarə edilməsinin və inkişafının əsas alətlərindən biridir. Marketinq aləti istifadə edilməyən cəmiyyətlərin iqtisadi inkişafı bu alət fəal surətdə istifadə edən ölkələrdən xeyli geridə qalır. Qısaca olaraq marketinq anlayışı haqqında fikirlərimi sizinlə bölüşmək istərdim. Belə ki, “marketinq” sözünün azərbaycanca ekvivalenti və ya tam tərcüməsi ”bazarşünaslıq” sözüdür. Ancaq bu ifadə azərbaycanca müəyyən qədər kobud səsləndiyinə və bir çox beynəlminəl terminlərin yerli dillərə tərcüməsinə ehtiyac olmadığına görə azərbaycanca bu söz eyni ilə “marketinq” olaraq işlədilir. Amma “bazarşünaslıq” sözünü iqtisadçı və ya yaxın ixtisasları olmayan insanlara izah etmək təbii ki, daha asandır. Sözün quruluşundan da aydın olduğu kimi “bazarşünaslıq” bazarlar haqqında olan bir elm sahəsidir və bu sahə ilə məşğul olan mütəxəssislərə”bazarşünas” da deyilə bilər. Bildiyiniz kimi ”-şünas” şəkilçisi dilimizdə istifadə olunan “hüquqşünas”, “əmtəəşünas”, “diyarşünas” və s. sözlərdə də istifadə olunur. Beləliklə marketinq (bazarşünaslıq) elmi bazarlar haqqında informasiyanın toplanması, informasiyanın işlənməsi, təhlillərin aparılması və nəticədə potensial alıcı və ya istifadəçinin istəklərinə uyğun olaraq məqsədyönlü prosesin təşkil edilməsidir. Ümumilikdə marketinq sözünün 300-dən artıq tərifi vardır. Amma bütün oxucularımıza aydın olması üçün məncə yuxarıda qeyd edilən tərif yetərlidir. Fikrimi belə izah edə bilərəm ki, marketinq nəinki iqtisadiyyatda, habelə cəmiyyətin həyatının bütün müstəvilərində həddən artıq önəmlidir.


Təbii ki, marketinqlə bağlı dünya təcrübəsi Azərbaycanın həm işgüzar, həm də ümumiyyətlə fəal insanları tərəfindən öyrənilir. Sovet dövründə Azərbaycanda marketinq məsələlərinə “dırnaqarası” baxılırdı. Çünki sərt planlı iqtisadiyyatı olan, insanların hər hansı məsələlər barəsində rəyinin idarəetmə orqanlarını düşündürməyən bir cəmiyyətdə marketinqə heç bir yer ayrılmamışdı.


Biz “marketinq” deyərkən, sadəcə hər hansı bir iqtisadi prosesi deyil, ümumiyyətlə cəmiyyətdə gedən prosesləri qavramaq və ona adekvat reaksiya vermək üçün sosial, siyasi marketinq elementlərini də nəzərdə tutur və müasir cəmiyyətlərin bu alətsiz real inkişafına nail ola bilməyəcəyi qənayətindəyik. Bütün bunları əsas götürərək Azərbaycan Marketinq Cəmiyyəti olaraq Marketinqin demokratiyanın təzahürü olması tezisini irəli sürürük və bu mövqeyimizi də hər yerdə isbat etməyə hazırıq. Bir daha çox sadə dildə deyərək: hardakı marketinq var, orda insanların rəyinin öyrənilməsi var, hardakı marketinq var, orda siyasi-strateji, sosial-ictimai və iqtisadi-biznes qərarların verilməsində kollegiallıq var və təbii ki, hardakı insanların rəyi nəzərə alınaraq istənilən qərarlar verilirsə bu artıq demokratiyanın təzahürüdür. Ona görə də biz hesab edirik ki, Azərbaycanın işgüzar dairələri nə qədər çox marketinqlə bağlı dünya təcrübəsini öyrənərək öz gündəlik iş həyatlarında tətbiq etsələr, o qədər də o insanlar sevimli Azərbaycanımızın daha da yüksələn xətlə inkişafı üçün və demokratik bir cəmiyyətin formalaşması üçün töhvə vermiş olacaqlar.


Marketinqlə bağlı Azərbaycan dilində yetərincə ədəbiyyat artıq var. Amma ən əsası o məqalələri , əsərləri, kitabları axtaran, oxuyan, qavrayan insanlar, mütəxəssislər olsun. Hal-hazırda kitabxanalarda, kitab mağazalarında kifayət qədər marketinqlə və ona yaxın olan elm sahələri barəsində kitablar var. Amma nə heyf ki, bu əsərlər öz potensial oxucularını, alıcılarını tapmırlar. Azərbaycan Marketinq Cəmiyyətinin (AMC) bu sahədə olan maraqlı bir təcrübəsi haqqında fikirlərimizi bölüşmək istərəm: bir neçə il bundan əvvəl Marketinq Cəmiyyəti Azərbaycan dilində marketinq səhəsində hər hansı sistemli biliklər verən fundamental bir kitabın olmaması qənaətinə gələrək bu sahədə elmi-pedoqoji fəliyyət göstərən professor-müəllim heyətinə müraciət etdi, fundamental bir kitabın yazılması təşəbbüsü ilə çıxış etdi. Belə bir kitabın nəşrinin tərcüməsinin, maliyyələşdirilməsinin, kompüter yığımı, korrektəsi, redaktəsi, Azərbaycan təhsil sistemi üçün dərs vəsaiti olaraq qəbul edilməsi, dizaynı, yüksək keyfiyyətli çapı, təqdimatın keçirilməsi, tanıdılması və reklamı, ədalətli qiymətlərlə satışının təşkili və digər məsələlərinin həllini ANC öz üzərinə götürürdü. Amma bizim tələbimiz olan yüksək standartlara cavab verən hər hansı real təklif ala bilmədiyimizə görə dünyanın məşhur universitetlərində marketinq elminin tədrisində istifadə olunan fundamental kitablardan birinin Azərbaycan dilinə tərcümə edilməsi Layihəsini başladıq və müəyyən müddət ərzində bu işi yekunlaşdırdıq. Kitab Azərbaycan təhsil sistemi üçün tədris vəsaiti kimi qəbul olundu. 1000 nüsxə nəşr edildi. Amma bizi maraqlandıran ən əsas məqam bu kitabın kitab rəflərində qalıb tozlanması yox, oradakı biliklərin Azərbaycan oxucusu tərəfindən oxunaraq, öyrənilərək, təhlil edilərək, ölkəmizə uyğunlaşdırılaraq tətbiq edilməsi idi. Biz çox düşünərək belə bir qeyri-standart addım atdıq. Nəşr etdiyimiz kitab haqqında 5000 nüsxə reklam-informasiya vərəqələri payladıq. Bu vərəqələrdə kitab haqqında ümumi məlumatdan başqa “Oxu qazan!” şüarı altında bir ismarıc yaydıq: “bu kitabı oxuyun, Marketinq Cəmiyyətinə gələrək çox sadə bir testdən keçin, sübut edin ki, bu kitabı oxumusunuz və müəyyən məbləğdə pul qazanın.” Nəticə: üç il ərzində cəmi bir nəfər kitabı oxuduğunu isbat edərək həmin vəsaiti qazanmışdı, amma eyni zamanda onu da qeyd edim ki, ümumilikdə kitabı oxuma iddiası ilə təqribən 14-15 nəfər müraciət etmişdi. Hətta bu insanların hamısı da kitabı oxuyub elan olunan mükafatı almış olsaydılar, bu say nəşr olunan kitabın kitab sayının heç 2 faizi də deyil. Məncə digər QHT-lərin də nəşr etdikləri kitabların və digər nəşrlərin real oxuyucu sayını ölçmək üçün müəyyən metodlardan istifadə etsələr, təxminən eyni səhnənin şahidi olcaqlar...



QISA ARAYIŞ:


2000-ci ildən fəaliyyətə başlamış Azərbaycan Marketinq Cəmiyyəti (AMC) qeyri-siyasi və qeyri- kommersiya təşkilatı olaraq “Zəngin və nüfuzlu Azərbaycan naminə!” şüarı altında ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində bu illər ərzində 100-dən artıq layihə və proqramlar həyata keçirmişdir. Bunların sırasında Dünya İqtisadi Forumunun (Davos Forumunun) Azərbaycan da rəsmi partnyoru olaraq ölkə üzrə tədqiqatların aparılması BMT-nin Qlobal Saziş Şəbəkəsinin Azərbaycanda ilk rəsmi üzvü və lideri olması, Ümumdünya Ticarət Təşkilatının Beynəlxalq Ticarət Mərkəzinin Azərbaycanda rəsmi tərəfdaşı olaraq Azərbaycanın ÜTT-yə üzvlük məsələləri üzrə qeyri- hökumət təşkilatları koalisiyasının lideri olması, məşhur Amerika alimləri Qari Armstronq və Filip Kotlerin “Marketinq: ilk addım” kitabının, professor Hafiz Paşayev “Yüksəkliyə doğru” kitabının ingilis dilindən Azərbaycan dilinə tərcüməsi və nəşri Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyi ilə birgə kənd təsərrüfatı sahəsində çalışanlar üçün Marketinq İnformasiya Kommunikasiya Sisteminin yaradılması, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları nazırliyi ilə birgə İKT MaRKETİNQ Mərkəzinin Yaradılması, Azərbaycan Respublikasının Xarici İşlər nazirliyinin dəstəyi ilə Azərbaycan İxrac Kataloqunun nəşri, Niderland Krallığının Ali Marketinq İnstitutu ilə birgə Azərbaycan Marketinq Məktəbinin yaradılması, Avropa Mərkəzi Universiteti ilə birgə Bakı şəhərində magistratura proqramının təşkili və s. layihələr vardır. Hal-hazırda AMC əməkdaşları və ekspertləri 10-dan artıq müxtəlif Layihələr üzərində işləyirlər.



Rəhim Hüseynov