Bank of Baku ASC uzun müddətli müştərilərinə müxtəlif kateqoriyalı imtiyazlı kartların verilməsinə başlayır. Bu kartlar Bank of Baku ilə istehlak kreditləri sahəsində əməkdaşlıq müddəti 12 ay və daha artıq dövrü əhatə edən, habelə müsbət kredit tarixçəsinə malik müştərilərə şamil olunur. Eyni zamanda Bank of Baku ilə yeni əməkdaşlıq etməyə başlayan şəxslərin kredit tarixçəsi 12 ayı ötəndən sonra onlar da bu kartları əldə edə biləcək.
Dövriyyəyə buraxılan üç kateqoriyalı kartlar sayəsində müştərilər bir sıra nadir üstünlük və imztiyazlara yiyələnirlər. Belə ki, Bank of Baku ilə əməkdaşlıq müddəti 12 aydan 35 aya qədər dövrü əhatə edən müsbət tarixçəli müştəriyə –Gümüş, 36-59 ay arası – Qızıl, 60 aydan artıq müddətli müştəriyə isə Brilliant kart veriləcək. Proqramın əsas şərtlərindən birinə əsasən, kart sahiblərinə hər kredit ödənişindən ayrılan bonus yeni kredit zamanı komissiya haqqının ödənilməsinə, gələcəkdə isə bir sıra digər Bank məhsul və xidmətlərinin komission haqqının ödənilməsinə sərf ediləcək. Beləliklə, həmin müştəri yenidən Bank məhsul və xidmətlərindən yararlandıqda daha az miqdarda komissiya haqqı ödəyəcək. Toplanan bonus məbləğinin miqdarı isə aşağıdakı kimidir: Gümüş kartın sahibinə hər ödəniş məbləğinin ( əsas məbləğ və faizlər daxil olmaqla) – 0,5 %-i,Qızıl kartın sahibinə - 1 %-i, Brilliant kartının sahibinə isə düz 2 %-i. Kart sahibləri həmçinin arayışsız və sərfəli faiz dərəcələri ilə 5000 AZN-dək kredit götürmək imkanı əldə edirlər. Lakin bu da, hələ son deyil. Kartın sahibi habelə hər-hansı təcili vəziyyət üçün 150 manat miqdarında ödədikcə yenilənən ekspress kredit xəttinəmalik olacaq.
“Bu proqram ilə biz sadiq müştərilərimizdən ibarət müəyyən virtual “Dostlar klub” yaratmış oluruq. Bu klubda təmsil olunacaq müştərilərimiz üçün yığılan bonuslar yeni kreditin ayrılması zamanı komissiyanın ödənilməsinə yardımçı olacaq, onlar sərfəli kredit götürmək imkanı əldə edəcək, habelə ayrıca kredit xəttinə malik olacaqlar. Yəni, bu klubda təmsil olunan şəxslər bundan praktiki faydalar əldə edəcəklər. Bu proqram Azərbaycan bankçılıq təcrübəsində bir ilk olacaq”,- deyir Bank of Baku-nun sədr müavini Abbas İbrahimov.
5 may tarixindən başlayaraq kartlar Bank of Baku-nun Baş İdarəsi nəzdindəki Müştəri Xidmətləri Departamentində təqdim ediləcək, qısa müddət ərzində müştərilər onları bütün filiallardan əldə edə biləcəklər.
Bank of Baku ilə yuxarıda göstərilən müddət ərzində əməkdaşlıq edən şəxslər dövriyyə buraxılan kartları almağa və yenicə açılmış sosial şəbəkə səhifəsi olan http://www.facebook.com/Dostlarklubu -na qoşulmağa dəvətlidir. Yeni proqram ilə daha ətraflı tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, həmçinin http://www.bankofbaku.com/az/dostlar-klubu.html ünvanına baş çəkmək kifayətdir.