Sığorta işlərinin avtomatlaşdırılmasına dair yeni-yeni layihələr həyata keçirən AXA MBASK Sığorta Şirkəti indi də xarici korporativ şəbəkə Extranetin tətbiqinə başlayır. Həmin şəbəkə on-line rejimində işləyən və passwordla qorunan, yalnız şirkətin sığorta agentləri üçün nəzərdə tutulmuş veb şəbəkədir.


 AXA MBASK şirkəti sığorta agentlərinin gündəlik fəaliyyətində faydalı olan İT vasitələrindən geniş bəhrələnir. Extranet şəbəkəsində də başlıca diqqət gerçək zaman kəsimində sığorta şirkətilə məlumat mübadiləsinə yetirilir. Bununla yanaşı, agentlər öz portfel müstəqil nəzarət edərək satdıqları sığorta şəhadətnamələri haqqında hesabatlar tərtib etmək, qazandıqları komisyon haqları barədə müntəzəm məlumat əldə etmək, müştərilərə dair database saxlamaq, sığorta müqavilələrin bərpasını nəzarətdə saxlamaq imkanı qazanırlar.
 
AXA MBASK İdarə Heyəti sədrinin birinci müavini Rəşad Abbasov məsələyə dair qeyd edib: “Extranet şəbəkəsi agentlərə İT vasitəsilə bizə qoşulmaq, bizim agentlərə bizneslərini asanlıqla və çevik idarə etmək üçün şərait yaradır. Bu da heç şübhəsiz, işlərinin səmərəsinə, göstərdikləri xidmətlərin keyfiyyətinə təsir edəcək. Agentlərimizin işini asanlaşdıracaq universal vasitə hazırlamışıq. Sözügedən layihə çərçivəsində bir neçə məsələni həll etdik. Agentlərlə gündəlik əlaqə yaratmaq üçün interaktiv platforma yaradıb gündəlik qarşılaşdıqları məsələləri daha səmərəli həll etmək imkanını onlara qazandırdıq. AXA MBASK şirkətinin müvəffəqiyyətinin öz gələcəklərini bizimlə bağlamış sığorta agentlərin və agentliklərinin müvəffəqiyyətinə birbaşa bağlı olduğuna əminik. Belə ki, agent və agentliklərimizə daha yaxşı xidmətlər göstərməyi nəzərdə tutan layihələrə bundan sonra da sərmayə yatıracağıq”.
 
Onu da qeyd etmək vacibdir ki, AXA MBASK şirkəti qısa zaman müddətinə həm paytaxtda, həm də Azərbaycanın başqa bölgələrində geniş agentlər şəbəkəsini yarada bilib. Bu gün həmin şəbəkə 60-dan çox agentliyi əhatə edir və ölkənin ən irisidir.