Azərbaycanda nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılması üçün yaradılmış Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın küçə və prospektlərində tıxacların qarşısını almaq məqsədilə  “yaşıl dalğa” effektini tətbiq etməyə başlayıb. Sistem Bakı şəhərin əsasən mərkəzi küçə və prospektlərini əhatə edib.


Statistikada bütün fevral ayının 1 günlük ortalama göstəricisi, may ayının isə ilk 2 həftəsinin 1 günlük ortalama göstəricisi əks olunub. Belə ki, Bakıxanov küçəsində fevral ayının iş günləri üzrə statistik göstəricilərinə əsasən  avtomobillərin orta sürəti 22 km/saat təşkil etmiş , avtomobillərin sayı  22225 ədəd  olduğu halda, may ayının ilk 2 həftəsi üzrə  avtomobillərin orta sürəti 43.3 km/saat, avtomobillərin sayı 11048 ədəd olmuşdur. Tbilisi prospektində fevral ayı üzrə avtomobillərin orta sürəti 36 km/saat avtomobil sayı 12496 olduğu halda may ayının ilk 2 həftəsi üzrə avtomobillərin orta sürəti 45.5 km/saat təşkil etmiş, avtomobillərin sayı isə 16089 olmuşdur.


Cari ayın ilk 2 həftəsi fevral ayı ilə müqayisədə, avtomobillərin yollarda intensivliyində artım müşahidə olunmuşdur. Bu da tıxacların müddətini xeyli azaltmış və avtomobillərin daha sərbəst hərəkətini təmin etmişdir.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda  tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemləri aradan qaldırmaqdır. Mərkəz 2012-ci ilin aprel ayından isə “yaşıl dalğa” effektinin tətbiqinə başlayıb. Bu prinsip  işıqforların avtomatik tənzimlənməsini təmin edir və bununlada avtomobillərin işıqforlada dayanmasını xeyli azaltmış olur.