Azərbaycan Gənclər və İdman Nazirliyivə "Coca-Cola" şirkətinin dəstəyi ilə keçirilən “Youth Inc.” gənclərin sahibkarlıq proqramı çərçivəsində təşkil olunan “Paylaş! Qazan! Biznesinə Başla!” adlı onlayn müsabiqənin qalibləri müəyyənləşib. Müsabiqənin ilkin mərhələsində iştirak edən 698 nəfərdən 65-i ideyalarını təqdim edib və final mərhələsində iştirak üçün 9 ideya seçilib ki, nəticədə 4 qalib ideya DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) tərəfindən icra olunan “Youth Inc.” proqramından ilkin investisiya əldə edib.



“Youth Inc.” Biznes İnkubasiya Mərkəzində baş tutmuş bağlanış və mükafatlandırma mərasimində müsabiqə iştirakçıları ilə yanaşı, proqramın tərəfdaş nümayəndələri də iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və DVC-nin sədri Seymur Hüseynov iştirakçıları salamlayaraq bildirib: “Gənclərin sahibkarlıq proqramı olan “Youth Inc.” gənclərdə sahibkarlıq anlayışının və biznes ideyaların formalaşması, inkişafı və icrası üçün xidmət və imkanlar təklif edir. Sahibkarlığa maraq göstərən gənclərin axtarışında olan “Youth Inc.” bu istiqamətdə müxtəlif müsabiqələr, təlim və tədbirlər təşkil edir. Bunlardan biri də “Paylaş! Qazan! Biznesinə Başla!” adlı onlayn müsabiqə oldu. “Biznes ideyanız PAYLAŞıldığı qədər qazandırsın!” şüarına əsaslanan bu layihə gənc sahibkarların biznes ideyalarının geniş ictimaiyyət arasında tanıdılması və onların potensial investorlara təqdim olunması məqdəsi ilə həyata keçirilib”.



Tədbirdə çıxış edən "Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib: «”Coca-Cola” fəaliyyət göstərdiyi bütün ölkələrdə cəmiyyətin inkişafı istiqamətində uzunmüddətli layihələr həyata keçirir. Bu cür layihələrdən biri də gənclərin iqtisadi imkanlarının yüksəldilməsinə xidmət edən “Youth Inc.” gənclərin sahibkarlıq proqramıdır. Fəaliyyətdə olduğu illər ərzində proqram çərçivəsində minlərlə gənc sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və təcrübə əldə edib. Biz çox şadıq ki, artıq uğurla yekunlaşmış müsabiqə yeni bizneslərin qurulmasına dəstək olacaq. Bu da ümumilikdə ölkədə yeni iş yerlərinin yaradılmasına və ölkədə gənc sahibkarlığın inkişafına öz töhfəsini verəcək».



Müsabiqədə müxtəlif hazırlıq səviyyəsində olan biznes-ideyalara heç bir məhdudiyyət qoyulmadan iştirak imkanı yaradılıb. “Youth Inc.” proqramının koordinatoru Müşviq Həsənovun birbaşa iştirakı ilə icrası və investisiya ehtimalı daha real olan biznes ideyalar müsabiqənin final mərhələsində iştirak üçün seçilib.



Seçilmiş ideyaların müəllifləri ilə görüş təşkil edilərək layihələrin icrası zamanı yarana biləcək iqtisadi, hüquqi, texniki problemlər, ilkin kapitalda çatışmazlıq, bazarın təhlili, investor dəstəyi və s. məsələlər müzakirə edilib.



Növbəti mərhələdə seçimi təsdiqlənmiş ideyalar müvafiq dizayn ilə “Youth Inc.” rəsmi “Facebook” səhifəsində istifadəçilərin paylaşım (“share”) ixtiyarına buraxılıb. Beləliklə, 14 gün ərzində azad və sağlam rəqabət şəraitində 9 ideyanın hər biri bəyənilən şəxslər tərəfindən müxtəlif sayda paylaşılıb ki, bu da ideyaların reallaşması üçün paylaşım sayına uyğun maksimum investisiyanın əldə edilməsində dəstək olub.



Tədbirin sonunda müsabiqənin nəticələrinə görə, ən çox paylaşılan ideya sahiblərininadları açıqlanıb. Qaliblər siyahısında“Free Wifi” layihəsi ilə Teymur Kuseba, “Velokuryer” layihəsi ilə Tofiq Hidayətzadə, “Starbukz” layihəsi ilə Kənan Məmmədov və “Edu-Map.org” layihəsi ilə Rasim Abdurəhmanov yer alıb. Sözügedən layihə müəllifləri investisiya ilə yanaşı “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin imkanlarından faydalana biləcəklər.



“Free WiFi” layihəsi şəhərin əsas yerlərində (alış-veriş mərkəzləri, kafe və restoranlar, mərkəzi küçələr və s.) yerləşdirilmiş xüsusi qurğular vasitəsilə internet təminatının həyata keçirilməsini nəzərdə tutur. Layihə heç bir şifrə tələb olunmadan 5-10 saniyəlik sosial video çarxı izləməklə limitsiz WiFi-dən istifadəni təmin edir.



“VeloKuryer” layihəsi velosipedlərlə sifarişlərin müştərilərdən alınması və sifarişi qəbul edən şəxsə sürətli, ekoloji cəhətdən təmiz, etibarlı və təhlükəsiz çatdırılmasını təmin edir. Kuryerlərin fəaliyyəti və onlara nəzarətin mərkəzləşdirilmiş sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.



“Starbukz” ideyası layihələrin idarə olunması sahəsində insanların onlayn autsorsinq xidmətləri (ictimaiyyətlə əlaqələr, sosial media-marketinq, mühasibatlıq, mentorluq və s.) ilə təmin edilməsini nəzərdə tutur. Layihə əsasən menecerlər, startapçılar və kiçik biznes sahibləri üçün nəzərdə tutulub.



“Edu-Map.org” layihəsi gəncləri, cəmiyyətimizi təhsil sahəsindəki yeniliklərlə məlumatlandırmaq, layihə, təlim, seminar, müsabiqələr və xaricdə təhsil imkanları barədə məlumatları paylaşmaq, gənclərlə bağlı tədbirlərin informasiya dəstəkçisi olmaq, onların PR və reklamlarının aparılması məqsədi ilə həyata keçirilir.



Bununla yanaşı, müsabiqədə Orxan Cəfərov və Cavid Nadirov (“Sovqat layihəsi”), Vüqar Cəfərzadə (“GoTrip” layihəsi), Orxan Şahbazov (“Help CV” layihəsi), Oksana Həsənova (“Konkilərin kirayəsi”), Murad Həsənzadə (“Ustam” layihəsi) öz ideyaları ilə iştirak ediblər.



“Düşünürəm ki, “Paylaş! Qazan! Biznesinə Başla!” müsabiqəsi yeni layihələrin tanıdılması üçün çox yaxşı fürsətdir. “Edu-Map.org” layihəmiz müsabiqədən müəyyən miqdarda investisiya qazanıb. Bu investisiyanı layihəmizin lazım olan ehtiyaclarına xərcləyib, onun inkişafına dəstək olacağıq”, -layihə iştirakçısı Rasim Abdurəhmanov bildirib.



Həmçinin, qaliblərlə "Youth Inc.” gənclərin sahibkarlıq proqramı arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən qaliblər öz ideyalarını həyata keçirmək üçün minimum 3 ay ərzində "Youth Inc.” proqramının təklif etdiyi xidmət və imkanlardan yararlana biləcəklər.



Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən "Youth Inc." proqramı "Coca-Cola", Azərbaycan Gənclər və İdman Nazirliyi və DVC təşkilatının dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır. "Youth Inc."in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 8 müxtəlif biznes-layihələr həyata keçirib və 5 minə yaxın gənc müxtəlif seminarlarda iştirak edib.



Qeyd edək ki, “Youth Inc.” gənclərin sahibkarlıq proqramı tərəfindən həyata keçirilən müsabiqə fərdlər tərəfindən könüllü olaraq yeni bizneslərin və innovasiyaların dəstəklənməsi modelininin Azərbaycanda tanıdılması üçün ilk addımdır.