İsti yay günləri, artıq sona çatmaqda olan Ramazan günləri – istər-istərməz insanlar evlərinə daha gec yığışır. Ona görə də bu günlərdə bəzi insanlar evinə bazarlığı da demək olar ki gecəyə saxlayır. Şəxsən özüm də axşam 11-də, 12-də heç də az-az marketlərdə olmuram. Yuxa almaq üçün belə. Ona görə də şəxsən buradan axşam 10-da bağlanmayan marketlərin rəhbərlərlərinə xüsusi təşəkkürlər. Bu günlərdə düz gecə 12-də sirklə üzbəüz olan Bolmart supermarketində idim. Əllərimdə dondurmalar gəldim ki, kassaya tez hesablaşım, baxıram ki, kassalar müştərilərlə doludur. Az sonra başa düşdüm ki, bəs 12-ə az qalmış kassalardakı kompüterlərdə proqramı belə deyək "perezaqruzka" edirlər. Hər şey məhz ondan sonra başladı.



Cəmiyyətdə insanları 5 kateqoriyaya bölsək, 2 kateqoriya mütləq olaraq hər bir məkanda olacaq. Birincisi belə vəziyyətlərdə ucadan danışıb xarici ölkələrdən ağızdolusu nümunə gətirən və az qala ətrafdakı hər kəsə baxıb təsdiq gözləyən, ikincisi isə çoxluq təşkil edib bu adama "dəlidir e bu" gözü ilə baxıb özlərini səbrli aparanlar. El içində bu tandemə demaqoq və laqeyd adı verənlər də var. İş belə gətirmişdi ki, bu demaqoqlardan biri məhz bizim kassada biz laqeydlərdən öndə idi və kassir onun mallarını vuran məqam proqramda yenidən yükləmə baş vermişdi. İlk öncə bu şəxs çox səbrlə danışırdı ki, "bəs belə olmaz, hər axşam belə edirsiz, insanlar evinə tələsir, bunu biraz gec edin və s.". Düzü mən başa düşdüyüm qədər buna səbəb supermarketin digər hissəsində kassaların bağlanması və günün təzələnməsi idi. Amma yenə də nə məntiq?



Bizim demaqoq danışdıqca başına dönməyərək yığışdığımız kassir elə ironik təbəssümlə "mənim problemim deyil" deyə-deyə durmuşdu. Səbrdən kasad müştərilər şikayətləndikcə, bu kassir da sanki başqa supermarketin işçisidir rolunu oynayıb "mənlik deyil" deyərək daha da böyük qıcıq yaradırdı. Bu arada mən də narahatam ki, bəs dondurmalarım əriyir. Təxminən 10 dəqiqə sonra kassaların işi bərpa olunanda dedim yəqin bu yüngülvari mübahisədə də buzlar əriyər. Amma kassirin onsuzda səbri tarama çəkilmiş həmin o demaqoq müştərinin aldığı yoqurtu skannerə vurub qabağına tullaması müştərini özündən daha da çıxartdı. İkincisi yoqurtu kassirin qabağındakı masaya elə çırpdı ki, yoqurt kassa masası nədir, 2-3 metr aralıdakı bir sonrakı müştərinin saçına qədər gedib çıxdı. "Biz olmasaq, sənin maaşın da olmaz, işin də olmaz" müştərinin əsəbi avazları altında kassir acıq edirmiş kimi öz xidməti kreslosunu tərk etdi. Vəziyyəti ağ köynəkli supervayzer xilas etməyə çalışdı. Özü həm kassaya əyləşdi, həm də təhlükəsizlik işçisini masanı silməyə əsgi dalıyca göndərdi. Mən də öz növbəm çatanda iradlarımı bildirdim və niyə bəs həmin işçinin "mən yox, biz" anlayışına sahib olmadığını soruşdum. Pərt halda olan supervayzer "müəllim, mən indi burada oturmalı deyiləm, prosesləri idarə etməliyəm. Onun bu etdiyi səhvlə bağlı mütləq tədbir görəcəyik" deyib üzrxahlıq etdi.



Belə epizodlarla tez-tez rastlaşmaq olar. Elə xaricdə də. Problem nədir, təlimatsızlıq? Yoxsa işçi motivasiyasının azlığı? Bəlkə gecə növbəsində işləyən insanların "müvəqqəti işdir, 2-3 başımı fırlayım" yanaşmasıdır? Məncə bu yazıda əlavə hansısa uzun şərhlərə ehtiyac yoxdur. Əsas odur ki, hər birimiz belə məqamlardan gərək dərs götürək. Böhrandır, xanımlar və cənablar. Müştəri olmasa biznes olmaz, biznes olmasa iş yerləri olmaz. Bu ki sadə məntiqdir. Niyə məhz böyük-böyük bizneslər qurub, biznesinizi şəffaf şəkildə uzunömürlü etmək məqsədini qarşıya qoymursuz? Biznesinizi əxlaqlı edin və işçiləriniz də əxlaqlı olmasına çalışın. Daxili marketinqə də gedib çıxmayacağam, sadə məntiqlə işçilərinizi sevin və onları bir məqsəd üçün birləşdirin. Yoxsa hamı bir nəfər kimi prinsipində, öz bildiyi kimi olan bir nəfərlərin sayı çox olacaq.