Yazımda son zamanlar tələbələri seçim arasında qoyan iki məşhur sertifikasiya proqramı barədə məlumat vermişəm; CİMA və ACCA. İmtahanları verən tələbələrin sayına görə ACCA-nın mütləq üstünlüyü vardır. Bunu CİMA barədə insanların az məlumatlı olması və ya nağıldakı kimi it hürən tərəfə getməkdən çəkinmələri ilə əlaqələndirirəm. Bəs biz niyə “işıq” gələn tərəfə daha çox üstünlük veririk? Qeyd edim ki, mən heç bir təşkilatın üzvü deyiləm və yazımda obyektiv olmağa çalışacam.
Birincisi başlayaq fərqlərdən. Daha doğrusu CİMA-nın üstünlüklərini vurğulayıram. ACCA daha çox xarici audit, vergi, maliyyə mühasibatlığı və beynəlxalq maliyyə hesabatlarını əhatə edir. CİMA isə əsasən proyektlərin idarə olunması, idarəetmə uçotu, risklərin idarə olunması kimi mövzuları test edir. Imtahan xərclərinə gəldikdə CİMA-nın üstünlüyünü qeyd etmək lazımdır. Belə ki, CİMA-nın başlanğıc imtahanları 56 funta başa gəlirsə, ACCA-da bu 72 funta bərabərdir. Digər bir üstünlük isə imtahanlardan imtiyaz hüququdur. Əgər sizin maliyyə və mühasibat üzrə magistr diplomunuz varsa ilk 8 imtahandan azad olunursunuz. ACCA-da isə Azərbaycanda az sayda universitetin tələbələrinə F1,F2,F3 və bəzən F4 imtahanlarından azad olma hüququ verir ki, bu da CİMA ilə müqayisə oluna bilməz. Digər bir məsələ isə imtahanların keçirilmə tezliyidir. Burda da CİMA-nın tam üstünlüyü var və siz istədiyiniz vaxt istənilən CİMA imtahanını məşhur kurslarda verə bilərsiniz. Imtahan verəcəyiniz mərkəzin sizin kimliyiniz və verəcəyiniz imtahan barədə heç bir məlumatı olmur.
Keçək indi əsas sualımıza. Bəs biz niyə “işıq” gələn tərəfə daha çox üstünlük veririk? Bu hissədə isə biz ancaq ölkəmizdən nümunələr göstərəcəyik. Azərbaycanda heç vaxt güclü biznes və istehsalat ənənələri olmayıb. Problem isə hələ də bu ənənələrin öyrənilməməsi ilə bağlıdır. Biz sadəcə olaraq özümüzü qərbdəkilərə oxşadırıq. Heç bir ixtisaslaşmış istehsalat müəssisələrimiz olmasa da çoxlu audit şirkətlərimiz, beynəlxalq uçot standartlarını bilən böyük bir tələbə yığını və hətta Auditorlar Palatamız da var. Nəyimizə lazımdı axı bunlar? İngilislərə işləyirik ancaq. Təsəvvür edin bu qədər funt-sterlinq hər il qeydiyyat haqqı, imtahan haqqı, illik üzvlük haqqı kimi ölkədən çıxır və ortada isə heç nə yoxdur. Fikrimcə, yaxın illərdə Holland sindromundan qurtulmaq üçün yeni istehsalat komplekslərinin qurulması, iqtisadiyyatın diversifikasiyası hökumətin əsas prioritetinə çevriləcək. Biz də bilirik rasional fikirləşmək nədir, amerikanlara keçilən iqtisadi ədəbiyyatlar bizə də öyrədilib. Bəs sonra nə baş verəcək? Sonra ölkədə büdcə planlaması, maya dəyərin hesablanması, risklərin idarə olunması sahəsində ixtisaslaşan menecerlərə ehtiyac yaranacaq. Sonra xaricdən investorlar ölkəmizə axışacaq, şirkətlərimiz isə artıq beynəlxalq maliyyə bazarlarına öz qiymətli kağızları ilə ayaq açacaq. Bunların hamısı baş verdikdən sonra isə artıq bizim şirkətlərin beynəlxalq standartlara uyğunlaşması prosesi gedəcək. Həddən artıq şərti fikrilərdən istifadə etməyim sizdə qeyri-müəyyənlik yarada bilər. Hamısına gedən yol , təbii ki, bu tipli müəssisələrin qurulması ilə başlayır. Fikrimi tamamlayaraq deyirəm ki, CİMA bizə ACCA-dan daha tez lazımdır. Bu qədər tələbənin araşdırma aparmadan bir istiqamətdə (ACCA) getməsi gülüncdür. Hamınıza səslənirəm: “Hazırki ACCA tələbələri Azərbaycanın növbəti 10 ildə bu sahə üzrə tələbatını artıqlaması ilə ödəyəcək!”.
Sonda, demək istəyirəm ki, it hürən tərəfdən çəkinmək lazım deyil. Hamımız bilirik ki, işıq gələn tərəfdə yolun sonunda div bizi gözləyir. Div bilirsiniz nədir? İşsizlik, aclıq, stress....Nur bəzən aydınlığın yox, elə qaranlığın simvoludur. Əksəriyyətinizin it hürən tərəfə getməsi arzularımla...