Hər zaman öz yenilikləri ilə müştərilərini sevindirən, ölkəmizin bir nömrəli parfum və kosmetika mağazaları şəbəkəsi olan İdeal, bu dəfə də ölkəmizin hüdudlarından kənarda fərqləndi. Bu ilin 28 may tarixində dünyanın ən məşhur mükafatlarından olan “İnternational Quality Summit Award” mükafatının Gold kateqoriyası Nyu-York şəhərində şirkətin rəhbəri İlqar İsmayılova təqdim edilib. Mükafat yüksək keyfiyyət, liderlik, texnologiya və innovasiyalardan ən effektiv istifadəyə görə verilib. Məlumat üçün bildirək ki, mükafat Amerikanın ən böyük təşkilatlarından biri olan BİD tərəfindən 1975-ci ildə təsis edilib və bu günədək dünyanın bir çox ölkələrinin ən qabaqcıl və innovativ şirkətlərinin rəhbərləri bu mükafata layiq görülüb.
Bu il də çox sevindirici haldır ki, mükafata iddialı 76 ölkə içərisində Azərbaycan şirkətinin də adı var. Azərbaycandan pərakəndə satış sektorunda İdealın qalib olması ölkəmizdə qeyri-neft sektorunun da sürətlə inkişafından xəbər verir. Bu sahənin inkişafının İdealın simasında ölkəmizdən kənarda da qiymətləndirilməsi çox sevindiricidir.
İdealın uğurları təkcə bununla bitmir. Şirkət ötən ay özünün ən gözəl və nəfis dizaynlı mağazalarından birini Neftçilər prospekti 111 ünvanında müştərilərin istifadəsinə verib. Geniş və zəngin mal çeşidinin təqdim olunduğu mağazada dünyanın ən məşhur selektiv və lüks brendləri təqdim olunub.
Önümüzdəki aylarda isə İdeal nəinki Azərbaycanda, hətta Zaqafqaziya regionunda ən böyük parfum və kosmetika mağazasını açmağı planlaşdırır. Ölkəmizdə azad sahibkarlığın inkişafına dövlətimizin dəstək və qayğının nəticəsidir ki, bu kimi şirkətlər qeyri-neft sektorunun inkişafına öz töhfələrini verir.