ABŞ-da ildə bir dəfə keçirilən “Black Friday” (Qara Cümə günü-red.) və Çində təşkil edilən “Subaylar Günündə” məhsullar bazardakı real qiymətindən 70-80% daha ucuza insanlara təklif edilir. Bu isə məhsulu daha ucuz qiymətə almaq istəyən insanlar arasında uzun növbələrin yaranmasına səbəb olur.
Facemark.az xəbər verir ki, belə hadisələrdən biri isə yaşayış standartlarının daha yüksək olduğu Avropa ölkəsində qeydə alınıb.
Belə ki, Fransada yerləşən məşhur supermarket zəncirlərinin birində, “Intermarche”də “Nutella” şokolad yağları 70% endirimlə satışa çıxarılıb.
Ən maraqlısı odur ki, “Black Friday” və “Subaylar Günün”də gördüyümüz uzun növbələr ilə yanaşı, müştərilər arasında məhsulu almaq üçün dava başlayıb və bir-birilərini itələməyə başlayıblar. Bəzi marketlərdə isə dava və əlbəyaxalar o qədər böyüb ki, hadisə yerinə polislər cəlb edilib.
Bu izdihamın şahidi olan müştərilərdən biri isə Fransız qəzetlərinin birinə verdiyi açıqlamasında bunları deyib: “Heyvanlar kimi idilər. Bir qadının saçını dartdılar. Yaşlı qadının başına isə qutu ilə vurdular. Digərinin isə əli qanlı idi”.
15 dəqiqə içərisində isə, kampaniyada olan “Nutella”nın hamısı bitib.
“Nutella” markasının istehsalçısı olan “Ferrero” şirkəti isə mətbuata açıqlamasında deyib ki, kampaniya onlar tərəfindən yox, supermarket rəhbərliyi tərəfindən başladılıb.
Qeyd edək ki, əsasən insanlar elektronik əşyalar üçün uzun növbələr gözləməli olurlar. Məsələn, ənənəvi olaraq hər il “Apple”, “Samsung” və s. şirkətlərin bazara çıxardıqları yeni “ağıllı” telefonlar üçün olan növbələr hər kəsə məlumdur. Amma ərzaq üçün insanların, xüsusən də, Fransa kimi bir ölkədə müştərilərin bu vəziyyətə düşməsi təəccüb doğurur. Təsəvvür edin ki, “Nutella” fransızlara pulsuz paylansaydı nələr olardı?!