Azərfon şirkəti əvvəlki təcrübə proqramlarının müsbət nəticələrini nəzərə alaraq, istedadlı tələbə və məzunlara göstərdiyi diqqət və qayğını bu il də davam etdirir. “Bizə indi qoşul və uğurlu gələcəyimizə ortaq ol!” şüarı altında keçirilən layihənin əsas məqsədi istedadlı tələbələri Yay Təcrübə Proqramına cəlb etmək, tələbələrə universitetdə aldıqları bilikləri təcrübədə tətbiq etmək, ixtisasları haqqında daha çox öyrənmək imkanı vermək və 3 aylıq proqramın uğurla tamamlandığı təqdirdə ən müvəffəqiyyətli tələbələri işlə təmin etməkdən ibarətdir.
Proqrama 2012-ci ilin 3 İyul tarixində start verilmiş və həmin proqramda Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı və Odlar Yurdu Universitetinin tələbələri iştirak etmişdirlər.
Seçim prosesində 220 – dən artıq müraciət forması nəzərdən keçirilmiş, 40 müraciətçi növbəti mərhələyə keçərək, test imtahanında iştirak etmiş və 17 tələbə müsahibə mərhələsinə dəvət almışdır. Dörd tələbə bütün seçim mərhələlərindən uğurla keçərək Azerfon Yay Təcrübə Proqramında iştirak etmək imkanını əldə etmişdir. Belə ki, Bakı Dövlət Universitetinin tələbələri Pərvin Əliyeva və Zöhrə Qasımova İnformasiya Texnologiyaları, Azərbaycan Texniki Universitetinin tələbələri Ramin Məmmədov və Elmir Babakişiyev isə Şəbəkə Əməliyyatları Departamentlərində təcrübə keçmək imkanını qazandılar.
Gəncləri bu uğur münasibətilə təbrik edir, onlara gələcəkdə daha yüksək nailiyyətlər əldə etməyi arzulayırıq!