Aprelin 5-dən 7-dək Bakı Ekspo Mərkəzində 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2018” sərgisi keçiriləcək.


Qonaqpərvərlik sahəsində Cənubi Qafqaz və Xəzəryanı regionun yeganə ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi, o cümlədən bazarın rəqabət qabiliyyətinin təhlili və möhkəm işgüzar əlaqələrin qurulması üçün əla imkan yaradır. Sərgini hər il bir çox bu sahənin peşəkarları, istehsalçı şirkətlər, eləcə də tədarükçülər ziyarət edir.


Bu il sərgidə qəhvə, qəhvə maşınları, trüfel (göbələk növü) və trüfel məhsulları, yuyucu vasitələr, peşəkar təmizlik avadanlıqları və paslanmayan poladdan hazırlanmış məhsulları və qab-qacaqları və otel, restoran və kafe “HoReCa” sektoru üçün havatəmizləyici filtrlər təqdim edən Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin şirkətləri iştirak edəcəklər.


Sərginin işgüzar proqramı çərçivəsində tədbir iştirakçıları ilə yerli şirkətlər arasında ikitərəfli görüşlər, “Azerbaijan Coffee Days” (“Azərbaycanda qəhvə günləri”) mövzusunda seminar və ilk dəfə olaraq, barista çempionatı keçiriləcək. Bu yarışmada qəhvə növlərini (və ya qəhvə əsaslı içkiləri) düzgün yanaşma əsasında hazırlamağı bacaran peşəkarlar (“Latte Art” üsullarından istifadə etməklə) öz məharətlərini nümayiş etdirəcəklər.


Sərgi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qısmində isə “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.


Beləliklə, “HOREX Caucasus” sərgisi Azərbaycanda intensiv inkişaf edən otel biznesinin tələbatlarını əks etdirməklə yanaşı, Azərbaycanın otel və restoran sənayesinin peşəkarları üçün ideal işgüzar platformaya çevriləcəkdir.


Ətraflı məlumatı və sərgiyə elektron dəvətnaməni www.horex.az/az-register rəsmi saytdan əldə edə bilərsiniz.