“Lime Catering” şirkətinin Biznesin İnkişafı Departamentinin direktoru Ulduz Aslandan müştərilər hər zaman haqlıdırmı? və müştərilər ilə yaşadıqları ən yaddaqalan hadisənin danışmasını istəmişdik. Nəzərə alsaq ki, ketrinq, restoran biznesi hər zaman maraqlı olub. Beləliklə,


Facemark.az Ulduz Aslanın müştərilər ilə yaşadığı yaddaqalan hadisələri sizlərə təqdim edir.


“Müştəri hər zaman haqlı deyil. Amma müştəri haqlı görünmək məcburiyyətindədir. Sizin müştəriniz haqlı deyilsə belə, siz onun haqsız olduğunu sübut edirsinizsə, onu elə sübut etməlisiniz ki, o özünü haqlı hesab etməlidir. Biz müştərilərin fikirlərini öyrənmək üçün rəy sorğusu təşkil edirik. Müştərilərimiz orada müxtəlif fikirlər səsləndirirlər.


Menyuda steyk və s. kimi yeməklər görmək istəyirlər. Əslində, onlar da haqlıdırlar. Düşünün ki, hər gün eyni yerdə, eyni təamları yediyiniz zaman bezirsiniz. Bəlkə, siz bir dəfə gəlib bizdə yemək yesəniz deyəcəksiniz ki, “belissimo”, çox mükəmməl, ləzzətlidir. Amma 10 gün davamlı yesəniz, deyəcəksiniz ki, artıq bezdik.


Ketrinqin əslində çətinliklərindən biri də budur. Müştərini nə qədər yaxşı bişirsəniz də, məmnun etmək çətindir. Siz sürətli olaraq dəyişilməlisiniz. Məsələn biz nə edirik? Tutaq ki, hər-hansı menyu “tutdu”. “Tutdu”sa, davamlı olaraq eyni menyunu hazırlamırıq.


Biz görürsünüz ki, dünya mətbəxinə tez-tez müraciət edirik. Bir gün özbək, bir gün meksikan günü, hind günü edirik. Fərqli yeməklər hazırlayırıq ki, onlar bir az damaq dadlarını dəyişsinlər. Söhbət sevib sevmədiklərindən deyil, damaq dadlarını dəyişdirmək istəyimizdən gedir.


Bizim əməkdaşlıq etdiyimiz şirkət var idi. Ofisdə, əsasən qlamur xanımlar işləyirdi. Nə edirdiksə, onlar şikayət edirdilər. Nə hazırlayırdıq, nə gətirirdik şikayət edirdilər.


Bir gün qərara gəldim ki, onları toplayım və iclas edim. Onlardan soruşacaqdım ki, axı siz hansı yeməkləri istəyirsiniz? Biz sizin üçün nə edə bilərik? Canımdan bezmişdim. Deyirdim steyk də desələr bişitdirib göndərəcəkdim.


Mənə şəxsən maraqlı idi ki, onlar insan kimi nədənsə razı qalacaqlarmı? Otaqlardan bir-bir xahiş edib onları topladım. Onların problemlərini sorğu-sual etdim. Mənim ən sevmədiyim şey hörmətsizlikdir. Fikirləri ilə razı olsan da, olmasan da qarşındakının fikirlərini sonuna qədər dinləməlisən. Təsəvvür edin, onlar bir-bir çıxıb getdilər. Mən danışıram, onlar isə çıxıb gedirdilər. Otaqda qalan bir-iki nəfər də mənə öz şikayətlərini çox kobud şəkildə dedilər. Mən də onlara söz verdim ki, problemlər aradan qalxacaq, daha yaxşı menyular tərtib olunacaq və s.


Həmin tədbirdən sonra, isə səfirliyin açılışına gedəcəkdim. Orada isə çox hirslənmişdim, kefim pozulmuşdu və əsəbi idim. İnsanlar da gəlməmişdən öncə, orada nəzarət xidməti var idi. Mühafizəçilərdən biri çay istədi. Mən ona çox sərt cavab verdim. Halbuki, müştəriyə heç vaxt sərt cavab vermirəm.


Düzü, belə sərt cavab verməyimin də yeri var idi. Çünki çay qaynamağa yeni qoyulmuşdu. Həmin dəqiqə çay vaxtı deyildi. Biz də qaçırıq, onu quraşdırırıq, bunu quraşdırırıq. Tədbirin təşkil edilməsini çatdırmağa çalışırıq. Ümumiyyətlə, tədbir təşkil etmək qədər çətin nəsə yoxdur. Düzdür, sevdiyimiz iş olsa da insan stress, yorğunluq yaşayır.


O sanki elə istədi ki, bizə çay verməyə borclusunuz. Mən də cavab verdim ki, sizə çay verməyə borclu deyilik. Çayda hələ hazır deyil, siz oturub gözləməli olacaqsınız. Sən demə həmin şəxs prezident səviyyəsində mühafizəçilərindən biri imiş, səfiri qorumağa gəlib. Əslində, onlar bizə çox hörmət etmişdilər. İçəriyə daxil olmaq üçün bir çox sənədlər lazım idi. Onlar isə bizim əməkdaşları sənədlərin əskikliyinə rəğmən, konfransa daxil etmişdilər.


Mən gəlməmiş bunlar baş vermişdi. Onlar dedi ki, biz sizə belə hörmət etdik, siz isə görün necə?! Məni konfransdan uzaqlaşdırdılar. Tədbir bitənə qədər, mənə içəriyə daxil olmağa icazə vermədilər. Mənim isə çöldə ürəyim partlayırdı. Çünki, əsas tədbirlərdə şəxsən özüm iştirak edirəm ki, konfransın uğurlu keçdiyini özüm görə bilim. Ondan sonra bu mənə dərs oldu ki, heç vaxt tanımadığın insanlar ilə pis danışmamalısan”.


İkinci yaddaqalan hadisə isə belə olub: “Şirkətlərin birinin təchizat müdiri var idi. Uzun zaman idi onunla görüşməyə çalışırdım. Nə qədər onunla görüşməyə çalışsam da mənimlə görüşmək istəmirdi. Axırda mən onu davamlı olaraq bezdirməyə başladım. Axırda dedi, yaxşı gəl görüm siz nə istəyirsiniz? Mən səhəri gün onun ofisinə getdim. O isə çox əsəbi idi, mənə qarşı da əsəbi idi, səhər olduğuna görə, ayrı da əsəbi idi. Mən ona nə deyirdimsə, o mənə sərt və kobud cavab verirdi.


Mən nə qədər onunla kompromisə getməyə çalışsam da, o sanki məni dinləmək belə istəmirdi. Axırda ondan soruşdum ki, müəllim sizi mən hirsləndirmişəm? Yoxsa yolda əsəbləşmisiniz?


Əgər mən sizi əsəbləşdirirəmsə, mənim auram sizə pis təsir edirsə, mən onda gedim. Amma bunu gülə-gülə və zaraftla dedim. Mən onu deyəndən sonra, o da gülməyə başladı. Sonra mənimlə söhbət etməyə başladı. Görüşümüz pis başlasa da, uğurla yekunlaşdı.


Onlarda tender olanda həmişə bizim şirkəti dəvət edirdi. Düzdür biz tenderi qazana bilmədik, amma həmin şəxs ilə münasibətlərimiz qaydasına düşdü”.