Bu il Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri - Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz 25 illik yubileyini qeyd edir. Sərgi 29 may - 1 iyun tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.
Facemark.az-a təşkilatçılardan verilən məlumata görə, Azərbaycanda ilk ixtisaslaşdırılmış tədbir olan Xəzər Neft və Qaz sərgi və konfransı 25 il ərzində uğurla keçirilməsi sayəsində regionun əsas sənaye forumu statusunu qazanmışdır.
Hər il keçirilən “Caspian Oil and Gas”, əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirir.
Bu il “Caspian Oil & Gas” sərgisinin yubileyi bir neçə əhəmiyyətli tarixə təsadüf edir, belə ki, sərginin keçirildiyi ilk gündən bu tədbiri dəstəkləmiş və onun təşəbbüskarı olmuş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi keçirilir.
Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Həmçinin bu il ölkədə Azərbaycan Demokratik Respublikasının (ADR, 1918) 100 illik yubileyi qeyd edilir. Bu əlamətdar hadisələr sərgi proqramında öz əksini tapacaq.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Həmçinin, “Caspian Oil & Gas” sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də son dərəcə mühüm dəstək göstərilir. Sərgi və Konfransın təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.
Ənənəvi olaraq, “Caspian Oil & Gas” sərgisinin 40%-ni sərgi və konfransın daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur. Onların arasında SOCAR, BP, Total, Statoil, Petkim və digər şirkətlər yer alır. Bu il tədbirin daimi iştirakçıları olan Rusiya və İtaliya da öz milli qrupları ilə çıxış edirlər.
Bu il sərgidə Azərbaycandan, Almaniyadan, Böyük Britaniyadan, Çindən, Fransadan, Gürcüstandan, İrandan, İtaliyadan, İspaniyadan, Malayziyadan, Özbəkistandan, Rusiyadan, Türkiyədən, Ukraynadan və digər ölkələrdən şirkətlər iştirak edəcəklər. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər.
Sərginin işgüzar proqramını müşayiət edən və 30-31 may tarixində “Fairmont Baku” otelində keçiriləcək Beynəlxalq “Caspian Oil & Gas” konfransı builki tədbirin mühüm bir hissəsini təşkil edir. Konfrans hər il aparıcı şirkətlərin 500-dən çox ali rəhbərini, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssislərini bir arada toplayır və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlər xüsusunda fikir mübadiləsi üçün imkanlar yaradır.
Bu gün haqlı olaraq “Caspian Oil & Gas” sərgisini əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli neft strategiyasının təntənəsi adlandırmaq olar. Təşkilatçılar əmindirlər ki, 25 illik bir dövrü arxada qoymuş bu sərgi regionun neft sektorunda əldə olunan nailiyyətlərin vizit kartı, habelə işgüzar əlaqələr və qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaradan platforma olaraq qalacaq.
Konfrans və sərgi barədə ətraflı məlumatı və sərgiyə elektron dəvətnaməni www.caspianoilgas.az və www.oilgasconference.az rəsmi saytlardan əldə edə bilərsiniz.