29 may - 1 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan 8-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji “Caspian Power 2018” sərgisi keçiriləcək.
Facemark.az xəbər verir ki, sözügedən sərgi “ITE Group” şirkətinin energetika sahəsi üzrə keçirdiyi tədbirlər portfelinə daxildir və sənaye şirkətləri arasında özünü doğrulmağa müvəffəq olmuşdur.
Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.
Ənənəvi olaraq, “Caspian Power” sərgisi Xəzəryanı regionun neft-qaz sənayesi üzrə nəhəng tədbiri olan Beynəlxalq Xəzər Neft və Qaz, “Caspian Oil&Gas” sərgisi ilə eyni platformada keçiriləcək.
Sərginin aktuallığı Azərbaycanda yeni elektrik stansiyaları və hibrid elektrik stansiyalarının fəaliyyətə başlaması, eləcə də külək turbinləri və günəş batareyalarının quraşdırılması ilə şərtləndirilir.
“Caspian Power” sərgisi Energetika Nazirliyi və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.
Sərginin iştirakçıları arasında Azərbaycan, Belarus, Türkiyə və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var.
Sərginin ekspozisiyası çərçivəsində su və istilik elektroenergetikası, atom energetikası, eləcə də nəzarət, ölçmə, idarəetmə və avtomatik nizamlama cihazları, habelə sənaye və kommunal-məişət energetikası, enerjiyə qənaət edən texnologiyalar, radio-tezlik kabelləri, sənaye avtomatlaşdırılması üçün kabellər və s. təqdim olunacaq.
“Caspian Power 2018” sərgisi elektrik enerjisi sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyası ilə bağlı məlumat toplamaq, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradacaq.