25-27 sentyabr tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 3-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2018” sərgisi keçiriləcək.


Bu genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir. Bu tədbir müasir silah və avadanlıqların möhtəşəm nümayişi, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. Bir qayda olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “ADEX” sərgisini ziyarət edir. Sərginin təşəbbüskarı Müdafiə Sənayesi Nazirliyidir və sərgi Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.


Builki “ADEX” sərgisi dünyanın 25 ölkəsini təmsil edən 200-dən artıq şirkəti bir araya gətirəcək və Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edəcəkdir. Azərbaycan, Belarus Respublikası, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr “ADEX 2018” sərgisində öz milli qrupları ilə çıxış edirlər. Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirmişdir, belə ki, 2016-cı il ilə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30% daha böyükdür. Həmçinin iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır.


Bakı Ekspo Mərkəzinin üçüncü zalında isə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin pavilyonu yerləşəcək və bu pavilyonda yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş olunacaqdır. Burada, peşəkarlar, ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcud və inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola biləcəklər. Bundan başqa, bu il Azərbaycandan “Vitta” Elmi-texniki şirkəti, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) və Hərbi Hava Qüvvələrinin Silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə çıxış edirlər.


Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərir, belə ki, “ADEX 2018” sərgisinə informasiya dəstəyi 60-dan çox aparıcı beynəlxalq və yerli xüsusi media - jurnallar, veb saytlar, xəbər agentlikləri tərəfindən təmin olunub. Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın “IHS Jane's Defence Weekly” dərgisidir. Sərginin “onlayn” gündəliyi vəzifəsini Belçikanın “Army Recognition” jurnalı yerinə yetirir. “Azeri Defence” jurnalı isə sərginin informasiya tərəfdaşı qismində çıxış edir.


“ADEX” sərgisində həm hərbi, həm də ikili təyinatlı məhsullar təqdim edən müəssisə və təşkilatların sayı artır və sərgidə nümayiş olunan eksponatların sayı isə çoxalır. Beləliklə, “ADEX 2018” sərgisində Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri, Hərbi gəmiqayırma, Silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, Hərbi-elmi tədqiqat, PUA sistemləri, Robot-texniki komplekslər, Atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi (RYAS), optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar, Hərbi Dəniz Qüvvələrinin (HDQ) kiber-təhlükəsizliyi, radioelektron müharibə və komandanlıq, idarəetmə, rabitə, kompüter, kəşfiyyat, müşahidə və məlumattoplama (C4ISR) sistemləri, hərbi dəmiryol qüvvələrinin texnika və avadanlıqları, silahların istehsalı, təmiri və utilizəsi üzrə texnologiya və avadanlıqlar, eləcə də digər sektorlar təqdim olunacaq. Bu il digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunur və bu sektorda “MİQ” (“МИГ”), “TUSAŞ”, “Leonardo”, “ОАК”, “Motor Siç” (“Мотор Сич”), “Rusiya Vertolyotları” (“Российские вертолеты”) və “Aeronautics Group” kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edəcəklər.


Ənənəvi olaraq, sərginin işgüzar proqramı çərçivəsində informativ və əyləncəli tematik tədbirlər, o cümlədən ölkənin müdafiə və təhlükəsizliyi üçün nəzərdə tutulmuş innovativ tədqiqat, məhsul və texnologiyalar sahəsində təqdimatlar, eləcə də sənaye nazirliklərinin rəhbərləri, xarici hərbi nümayəndə heyətləri, istehsalçı şirkətlər və sifarişçilər ilə ikitərəfli görüşlər keçiriləcək.


Beləliklə, “ADEX 2018” sərgisi ən son silah nümunələrini nümayiş etdirmək və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün ideal platformaya çevriləcəkdir. Sərgi Bakı Ekspo Mərkəzində keçiriləcək. Ətraflı məlumatı rəsmi saytdan www.adex.az və sosial şəbəkələrdən əldə edə bilərsiniz.