Bank of Baku-nun aprel ayında start verdiyi “Mənim bankım” uşaq rəsm müsabiqəsi başa çatıb.Bankın Facebook korporativ sosial şəbəkəsində keçirilən rəsm müsabiqəsinə 8-12 yaş arası uşaqlar qatılıblar.Müsabiqə qalibləri və iştirakçılarının mükafatlandırma mərasimi Bank of Baku-nun baş ofisində baş tutub.Tədbirdə onlarla rəsm müəllifi və onların yaxınları iştirak edib. Tədbiri giriş sözü ilə açan Bank of Baku-nun Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Nigar Qasımova müsabiqənin uşaqlarımızın yaradıcılıq potensialını həvəsləndirmək məqsədi ilə keçirildiyini vurğuladı.Onun sözlərinə görə, bu gün uşaqlarımıza yatırılan hər növ intellektual və maddi sərmayə gələcəyimizin ən yaxşı təminatıdır.
Daha sonra qalib elan olunmuş şəxslər Veronika Zeynalova (1-ci yer), Aytac Həsənova (2-ci yer), Müjgan Cəfərova (3-cü yer) və Əli Mirzəzadə ( “Bank simpatiyası” nominasiyası) pul mükafatları və diplomlarını aldılar. 1-ci yerin sahibi 500 manat, ikinci yerin sahibi 300 manat, üçüncü yerin sahibi 200 manat , “Bank simpatiyası” nominasiyasının sahibi isə 600 manat əldə etdi. Qaliblərdən biri, 8 yaşlı Əli Mirzəzadə öz rəsmində bankın əsas atributlarından biri olan 145 xidmətini də əks etdirib.”Mən öyrəndim ki, bankda belə bir telefon xidməti var və onu da öz rəsmimdə çəkdim. Atam mənə bankın nə olduğunu izah etdi, mən də çəkdim. Bir günə rəsmi çəkib qurtardım”,- deyir balaca rəssam. Digər bir qalib, Veronika Zeynalova isə etiraf edir ki, rəsmi onda az vaxt aparmadı. “Təxminən 2 günə rəsmi çəkdim.Çalışdım hər bir ailə üzvünün arzusunu təsvir edim.Məsələn, ailə başçısı maşın almaq arzusundadırsa, balaca isə kompüter istəyir”. Müsabiqədə ən yadda qalan rəsmlərdən birinin müəllifi olan Gəncə sakini Müjgan Cəfərova isə bankı təsvir etmək üçün valideyini ilə Bank of Baku-nun Gəncə filialına baş çəkib. ”Orada mən bankın neçə işlədiyini, bank işçiləri və müştəriləri gördüm. Çalışdım oxşadım. Qaliblər arasında olmağımdan çox sevinirəm”.
Müsabiqədə iştirak etmiş onlarla balaca müəllif də özəl hədiyyələrini aldı. Daha sonra müəlliflər və valideynlər belə bir müsabiqənin təşkili üçün Bank of Baku-ya təşəkkür etdilər. Sonda müsabiqə iştirakçılarının kollektiv və fərdi fotoları çəkildi. Müsabiqə zamanı müəyyən edilmiş 12 ən yaxşı rəsm Bank of Baku-nun 2013-cü il üçün korporativ təqviminə daxil ediləcək.