23-26 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 11-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku 2018” sərgisi keçiriləcək.


Facemark.az-a təşkilatçılardan verilən məlumata görə, “Aquatherm Baku” sərgisi istilik, havalandırma, kondisionerləşdirmə, su təchizatı, eləcə də havanın emalı və təmizlənməsi sahəsində yeganə ixtisaslaşmış tədbirdir.


Hər il əksəriyyəti sənaye peşəkarları olan minlərlə insan bu sərgini ziyarət edir.


Bu il sərgidə Azərbaycan, Avstriya, İran, İtaliya, Çin, Rusiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya və digər ölkələri təmsil edən şirkətlər bir araya gələcək. “Aquatherm Baku 2018” sərgisinin iştirakçıları havalandırma və istilik sistemlərini, su üçün boru və filtrləri, isidici qazanları, nasosları, hidrantları və bir sıra digər məhsulları təqdim edəcəklər. Sərgidə müxtəlif istehsalçıların təklif etdikləri məişət və sənaye kondisionerləri, yastı su qızdırıcılarının geniş çeşidi də nümayiş olunacaq. Həmçinin otaqlarda mikroiqlimi uzaqdan idarə etmək üçün İT texnologiyalar da təklif olunacaq.


Sərginin işini işgüzar proqram müşayiət edəcək və bu proqram çərçivəsində iştirakçılar ilə potensial alıcılar arasında “B2B” formatlı görüşlər keçiriləcəkdir. Builki sərgidə yeni sənaye məhsullarını təqdim etmək üçün nəzərdə tutulmuş xüsusi səhnə və həmin məhsulların nümayiş ediləcəyi vitrin sərgi iştirakçıları üçün yenilik olacaq.


Bu yenilik iştirakçılara öz istehsalat sirləri haqqında ətraflı məlumat vermək və ziyarətçilərin diqqətini cəlb etmək üçün əlavə fürsət verəcək. Sərgi təşkilatçılarının təklif etdikləri daha bir yenilik isə loyallıq proqramıdır. Bu proqram sərgi ziyarətçilərinə təmsil olunan şirkətlərdən məhsul və ya xidmətləri xüsusi endirimlə satın almağa imkanı verəcək.


Beləliklə, “Aquatherm Baku 2018” sərgisi yeni məhsulları bazara təqdim edən sənaye şirkətlərini, o cümlədən distribyuter və topdansatış təchizatçılarını bir araya gətirməklə yanaşı, yeni əlaqələrin qurulmasına və qarşılıqlı faydalı müqavilələrin imzalanmasına da şərait yaradacaqdır.


Sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən rəsmi olaraq dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” və həmçinin onun tərəfdaşları “EUF” (Türkiyə), “Caspian Event Management FZ LLC” (BƏƏ) şirkətləri çıxış edir. “


ITE Group” şirkətinin tərəfdaşları beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgilərdə fəal sürətdə iştirak etməyə cəlb edirlər. “Aquatherm Baku 2018” sərgisi haqqında ətraflı məlumatı www.aquatherm.az saytından əldə etmək olar.