14-16 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisi keçiriləcək.


Facemark.az-a sərginin təşkilatçısı qismində çıxış edən “Caspian Event Organisers”dən (CEO) verilən məlumata görə, sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində, həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir.


Bu il “Caspian Ecology” sərgisində Azərbaycan, Almaniya, Böyük Britaniya, Türkiyə, Ukrayna və digər ölkələrdən şirkətlər iştirak edəcəklər. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, həmçinin “Azərsu”, “BP”, “Damla”, “GIZ”, “SOCAR POLYMER”, “Təmiz Şəhər” və dünyanın bir çox digər şirkət və qurumları iştirak edəcəklər. İlk dəfə olaraq sərgidə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu öz stendi ilə təqdim olunacaq.



Ümumilikdə, “Caspian Ecology 2018” sərgisi təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş edəcək. Şirkətlər tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri, neft və qaz kəşfiyyatı və emalı xidmətləri, kağız və karton istehsalı və bir sıra digər məhsulları təqdim edəcəklər.


Sərginin işgüzar proqramı çərçivəsində ilk dəfə olaraq iştirakçılar və dəvət olunmuş şirkətlər arasında ikitərəfli görüşlər, eləcə də müxtəlif seminarlar keçiriləcək.


Beləliklə, Beynəlxalq “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək.


Sərgi haqqında ətraflı məlumatı və elektron dəvətnaməni www.caspianecology.az rəsmi saytından əldə edə bilərsiniz.