Xatırlayırsınızsa, biz bestseller kitablarını oxuyub, onun barəsində fikir və düşüncələrimizi sizinlə paylaşırdıq. Əvvəlki yazımızı oxumayanlar üçün keçid linki qoyuram.


Bu dəfə isə Mark Sanbornun “Fred Faktoru” kitabı haqqında düşüncələrimizi sizinlə paylaşmaq istəyirik, yazının sonunda onu necə əldə edə biləcəyinizdən də bəhs edəcəyik.


Yazıya keçməmişdən öncə sizə dünən başıma gələn hadisə haqqında yazmaq istəyirəm. Hərdən fikirləşirəm ki, həyat daim tarazılıqda olmalıdır. Məsələn, bu gün saat 8-də dostumla görüşməliyəm, 9-da isə evdə olmalıyamsa, bu belə də olmalıdır. Yəni, saat 10-un yarısı olduqda düşünürəm ki, artıq növbəti gün daha gümrah olmaq üçün istirahət haqqımı itirmişəm.


Sizi bilmirəm, amma məndə bu belədir. Dünən isə həmin tarazlığın pozulduğu anlardan biri idi. 40 dəqiqədən çox soyuqda avtobus gözləmiş, sonunda əyləşə bilmişdim. Yanımda isə yaşı 50 üstü xanım əyləşmişdi. “Facebook”a daxil olub Azərbaycanda “Fred faktoru”, ancaq gözləntidən ibarətdir yazdım.



Daha sonra isə yanımda əyləşən qadın mənə deyirdi: “Qızım, sənə ona görə soyuqdur ki, pəncərə açıqdır. Gərək birinə deyək ki, onu bağlasın”. Əhəmiyyət vermədim, çünki soyuqdan əllərimin hələ də donu açılmamış və qadının dediklərini doğrudan da kobud şəkildə desək, vecimə almaq belə istəməmişdim.


Smartfonumu söndürüb, qulaqcıqlarımı çantama qoydum, evə getmək üçün səbrsizlənirdim. Yanımda oturan xanım bu dəfə soruşurdu: “Qızım düşəcəksən?”. Hiss olunurdu ki, bu 50 üstü qadın doğrudan da mənim düşməyim üçün əlindəki gül dibçəyi ilə birlikdə qalxmağa hazırlaşır. Qızım sözü anamı xatırlatmışdı. Əsasən bütün valideynlər belədir, eqoistliyimiz tutanda belə bizə özümüzü doğma hiss etməyimiz üçün əllərindən gələni (hiss edirdim ki, avtobusda olan zaman ona qarşı heç də nəzakətli olmamışdım) edirlər.


“Gülümsədim, narahat olmamasını söylədim”, “Eləcə də, əlindəki dibçəyi götürmək üçün də kömək təklif etdim”. Bu, bir çoxumuzun qarşılaşdığı adi situasiyadır. Amma həmin 50 yaşlı qadın təkcə “Qızım” sözü ilə yorğunluğumun üstündən xətt çəkmişdi. Səhər işə gələn zaman isə həmin xanımı xatırladım və özümdə bu sözləri qeyd etdim: “Vallah, mən də dünən ictimai nəqliyyatda tanımadığım xalanı hər yola verməyimə baxmayaraq mənə qızım deməsindən sonra fikrimdən daşındım. İnsanlarımız arasında hələ də “Fredlər” varmış.



“Fred nədir”, “Fred faktoru” nə deməkdir?. Markın qəhrəmanı Fred adi poçtalyondur. Yazıçının yazdığı kimi axı onun nəyi var idi, “sadəcə göy, soyuq uniforması və bir zənbil məktubu”.


Amma o daim məktub göndərdiyi insanların həyatları ilə maraqlanır, onlara necə kömək ola biləcəyi haqqında düşünür. “Fred faktor”u da tam olaraq bu deməkdir: Başqasından heç bir gözlənti ummadan kömək etmək, yardım etməyi fürsət kimi görmək. Mark yazır ki, əgər Fred mənə nə qədər yaxşı poçtalyon olduğu haqqında xülyalarından danışsa idi, o mənə saxta gələcəkdir və o ancaq işini deyil, özünü mənə tərifləyən insan kimi yadımda qalacaqdı. Əminəm sizdə də olub, hər hansı xidmət almaq istədikdə, qarşınızdakı şəxs ancaq özünü tərifləyib, amma gördüyü işin nəticəsi isə sıfır olub. Kitabı oxuduqca həyatınızda qarşılaşdığınız situasiyalar bir-bir gözünüzün önündə canlanacaq.


Yazıçı qeyd edir ki, “Fred” olmağın yollarından bir dürüstlükdən keçir. “Əgər siz müştəriyə bu məhsulu filan tarixdə gətirəcəyinizə söz verirsinizsə, ona əməl edin. Amma bizim əksər hallarda müşahidə etdiklərimiz nə olur? söz verilən vaxtda gedirik, amma məhsul əlimizdə olmur”. Siz də belə situasiyalar ilə qarşılaşmısınız dedikdə məhz bunu nəzərdə tuturdum. Kitabdan bütün çıxarışları qeyd etmirəm. O məşhur sözdə olduğu kimi “Kinonun hamısını danışma, özüm baxmaq istəyirəm”. Mən də bu nöqtədən yola çıxaraq kitabı analiz edib, düşünməyi sizin öhdənizə buraxıram.


Təbii ki, həyat Fred və anti-Fredlər ilə doludur. Bəs, sizin həyatınıza nə vaxtsa “Fred”lər təmas edibmi? Kitabı oxuduqdan sonra, siz də özünüzü “Fred” olmağa hazır hiss edəcəksinizmi?


Söz verdiyimiz kimi kitabı əldə etmək üçün əlaqə vasitələri qoyuruq. “Oxumağa Nə Var” layihəsi üçün bu kitab Türkiyədən Azərbaycana gətirilib. Qiyməti 8 AZN-dir. Kitabı oxumaq istəyənlər “Oxumağa Nə Var”ın “Facebook” səhifəsi üzərindən əlaqə qura bilərlər.


Xoş mütaliələr!