15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı Caspian Agro sərgisi keçiriləcək.


Facemark.az-a verilən məlumata görə, kənd təsərrüfatı üzrə aparıcı tədbir olan Caspian Agro sərgisi regionda kənd təsərrüfatı sahəsinin inkişafına, Azərbaycanın aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqinə, eləcə də təcrübə mübadiləsinə, yerli və xarici təsərrüfatçılar arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsinə kömək edir.


Caspian Agro 2019 sərgisinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin üç mərkəzi pavilyonunda, eləcə də mərkəzin açıq platformasında yerləşəcək.


Bu il sərgidə dünyanın 25 ölkəsini təmsil edən 200-dən artıq şirkət iştirak edəcək. Həmçinin bu il Mərakeş sərgidə ilk dəfə çıxış edəcək.


Prior Leasing şirkəti Caspian Agro sərgisinin qeydiyyat sponsoru qismində çıxış edir.


Sərginin ikinci günündə EUROCHEM TRADING RUS şirkətinin seminarının və ICODS HILMER GMBH şirkətinin təqdimatının keçirilməsi planlaşdırılır.


Sərginin təşkilatçısı Caspian Event Organisers şirkətidir.