Hər birimiz zaman zaman işə qəbul mərhələlərində iştirak edirik. Müasir dünyamızda bu demək olar ki, hər bir şəxsin həyatında ən azı bir və ya bir neçə dəfə baş verir. İşə qəbul zamanı insandan insana fərqli olaraq müəyyən amillər nəzərə alınmalıdır. Ümumilikdə götürsək bu insanları 2 qrupda cəmləşdirərik:
1) İşə qəbul üçün özü qəti surətdə müraciət etmir necə deyərlər iş məhz onu tapır və həmişə ona təkliflər gəlir. Bu şəxslər işində peşəkar olan şəxslərdir. Onlar artıq öz işləri ilə özlərini çox yaxşı sübut ediblər və onların işlərini ümumilikdə iş dünyasında çox yüksək qiymətləndirirlər.
2) İşə qəbul olmaq üçün özləri müraciət göndərənlər. Bu şəxslər karyerasının başlanğıcında və karyerasının ortasında olan inkişaf etməkdə olan şəxslərdir. Bu şəxslər daha çox inkişaf etməlidir ki, məhz peşəkar olsun və rəqabət qabiliyyətli əmək bazarında öz sözünü deyə bilsin.
İşə qəbul zamanı bir neçə məsələni nəzərə alsanız işə qəbul olmanız daha da sürətlənəcəkdir. Bu məqamları nəzərdən keçirək:
1) Düzgün şəkildə yazılmış CV-nizin olması vacibdir. Burada diqqət edəcəyiniz əsas məqamlardan biri düzgün orfoqrafik qaydada yazmaq və yalan məlumatların olmamasıdır.
2) Müsahibə mərhələsi zamanı diqqətli olmalısınız. Müsahibə mərhələsi məhz telefondan başlayır. Sizə zəng vurulub müsahibəyə dəvət edilərsə daha diqqətli olmağınız vacibdir. Düzgün danışıq qaydalarına riayət etsəniz, artıq 1-0 sizin xeyrinizə sayılmış olur.
3) Müsahibəyə əvvəlcədən hazırlaşın. Mən hər şeyi bilirəm, nə olar olar deyib getməyin. Düzgün şəkildə müsahibəyə hazırlaşmağınız sizin şansınızı artıracaqdır.
4) Müsahibə üçün gedəcəyiniz yeri əvvəlcədən müəyyənləşdirin, məkana gecikməyin. İş qaydalarına uyğun geyinib gedin. Daha çox rəsmi geyinsəniz uyğun olar. Təbii ki, vakansiyadan asılı olaraq fərqli qaydada geyinə bilərsiniz.
5) Getdiyiniz şirkət barədə qısa araşdırın. Sizə maraqlı məqamları qeyd edin. Hətta suallar hazırlasaz sizin üçün çox üstünlük olacaqdır.
6) Özünüzlə qeyd kitabçası aparın. Önəmli nüansları qeyd edin.
7) Səmimi olun. Yalan məlumat versəz bu özünü haradasa büruzə verəcəkdir. Ona görə səmimi olmanız çox üstünlük verəcəkdir sizə.
8) Suallara tam ətraflı cavab verin. Unutmayın ki, işə götürən sizin qara qaşınıza aşiq olub götürməyəcək. Biliklərinizi nümayiş etdirməyi bacarmalısınız.
9) Gedərkən CV-nizdən 2 nüsxə çıxardın. Ola bilər ki, İnsan Resursları üzrə menecer (mütəxəssis) CV-dən çıxarmayıb. Ən azından sizin üçün müsbət bir nüansdır.
10) Mütləq şəkildə dürüst olun, üst başınız səliqədə olsun və nəzakətli olmağa çalışın. Yaddan çıxarmayın ki, siz işə qəbul olmaq üçün gedirsiz, meyxana deməyə getmirsiz.
İlkin Mirzəzadə, blogger