Son 4-5 ildə, xüsusən də elektron ticarət istehlakçılarının alış vərdişlərini köklü şəkildə dəyişdiyi bir dövrdə gündəmə gələn anlayışlardan biri də "influencer marketing" anlayışıdır. Əvvəlcə influencer nədir, "Influencer Marketing" nə deməkdir, ona baxaq.
"Influence" sözü ingilis dilində tərcümədə "təsir etmək", "influencer" isə "təsir edən" anlamında işlədilir. Qısa tərifi ilə influencer, YouTube, Facebook, Twitter, Periskop, İnstagram kimi sosial media kanallarında yüksək izləyicisi olan insanlara deyilir.
Influencer ünvanını aktyorlar, ifaçılar, modellər, idmançılar, ictimai fiqurlar, siyasətçilər - qısacası populyarlığı olan insanlar daşıyır.
Son bir neçə ildə sosial medianın gündəlik həyatımıza daxil olması ilə və alış-veriş vərdişlərimizdəki yeniliklər sosial media fenomelərinin sürətlə artmasına səbəb oldu. Influencer anlayışını marketinqə daşısaq, istehlakçıların alış-veriş prosesinə təsir etmə imkanı olaraq qarşımıza çıxacaqdır. "Influencer marketing" uzun müddət müxtəlif kanallarda müxtəlif yollarla aparılmışdır.
Məsələn, deyə bilərik ki, ilk başda Twitterdə və Facebook-da tez-tez həyata keçirilən fəaliyyətlər, son illərdə Instagramla əvəz edilmişdir. "Influencer marketing" fəaliyyətləri şirkətinizin uzunmüddətli dövrdə gəlirlərini artırır və onun tanınmasına müsbət töhfə verir. Hədəf auditoriyanızı inkişaf etdirməyi asanlaşdırır. Bu da təbii ki, markanın tanınmasını artırır və istehlakçılarla qarşılıqlı təsiri yüksəldir.
"Influencer marketing" fəaliyyətləri ilə əvvəllər əldə edə bilmədiyiniz və ya qarşılıqlı əlaqə qura bilmədiyiniz hədəf auditoriyalarına çata bilərsiniz və fikirlərini dəyişməsinə imkan yarada bilərsiniz. Əslində, "influencer marketing"i müasir marketinq modeli adlandıra bilərik. Çünki, 10 il bundan əvvəl "influencer marketing" üçün indiki ortam, şərait yox idi.
"Influencer marketing" tətbiq edilərkən nələrə diqqət yetirmək lazımdır?
Influencer marketing kampaniyasının uğurlu alınması üçün nəzərə alınmalı bəzi məqamlar var. Bunlardan birincisi, influencer olacaq şəxsin hesabı, ikincisi reklamın məzmunu, üçüncüsü isə reklam olunan sosial media platformasıdır.
Reklam verənin izləyicilərinin sayına aldanmamalısınız. Çünki, bot (saxta) hesablar vasitəsilə izləyici sayını artırmaq mümkündür. Və sirr deyil ki, bir çox məşhurlar bu yoldan istifadə edir. Bu səbəbdən, fenomenin Instaqram hesabındakı insanların, bəyənmələrinin və şərhlərinin həqiqi olması vacibdir.
Fərid Abdıyev, Brend menecer