Parıltılı dünya, gözəl xanımlar və pandemiya - bu 3 ifadəni bir yerdə işlədəndə diqqətli olmaq lazımdır, çünki karantin rejiminin soyuq küləklər əsdirdiyi gözəllik sektoru son qərarlarla birlikdə öz fəaliyyətini davam etdirir.


Xüsusən, kosmetika alış-verişi üçün nəzərdə tutulan mağazalarda testerlərlə, köməkçi personalla bizə xoş aura ötürən markalar bu dövrdə müəyyən qadağalara tabe tutuldular. Dünya təcrübəsinə baxsaq, “WSL Strategic Retail” kompaniyasının CEO-su Vendi Libman (Wendy Liebmann) qeyd edir ki, məhsulların istehlakçılar tərəfindən mağazada test edilməsi “Sephone” və “Ulta” kimi məşhur brendlərin xüsusiləşmiş xüsusiyyətlərindən biri idi: “İşdən çıxdıqdan, yaxud dostlarla əyləndikdən sonra kosmetik mağazaya girib məhsul testerlərini yoxlamaq ən əyləncəli təcrübələrdən biri idi və praktik olaraq, bizə yaraşan rəngləri tapmaq üçün də xeyli köməkçi rol oynayırdı. İndi isə bir çox müştəri məhsulların test edilmə ehtimalından belə dəhşətə gəlir”.


“Ultra” brendinin filial müdiri Katerin Vestr (Catherine Wester) isə saç ustalarından başqa gözəllik sektorunda işləyənlərin müştərilərlə əlaqəsinin müzakirə olunacağını bildirib: “2 metr məsafə qorunaraq müştərilərə məsləhətlər və təkliflər verilə bilər”. Lakin Texasda yerləşən “Sephora” və “Ulta” mağazalarında müştərilərə yeni qaydaları başa salmağa çalışan işçilərin çətinlik çəkdiyini də bildirib.


Testerlərlə bağlı müzakirəyə qoşulan “Sephora” şirkəti onların yalnız görünüş üçün qoyulduğunu və mağazaya gələn müştərilərin istifadə etməyəcəyini qeyd edib: “Əgər müştərimiz almayacağı məhsula, yaxud testerə toxunarsa, personalımızdan lazımi şəxslər məhsulu oradan götürəcək və həmin ərazini dezinfeksiya edəcək”.



“Statista” şirkətinin 2020-ci il üçün verdiyi məlumata əsasən, dünyanın ən uğurlu 20 gözəllik brendləri içərisində ilk 3 yeri “L'Oréal”, “Unilever”, “Estée Lauder Companies” tutur. Pandemiya dövründə belə səhmlərinin qiyməti 0,93% artan “L'Oréal”ın rəqibi “Unilever” isə 0,55% səhm artımına sahib olub. 3-cü yerdə qərarlaşan “Estée Lauder Companies” -0,32%dir, amma buunla belə bayaqdan bəhsi keçən “Ulta Beauty”in -3,50%lik səhmlərini ötə bilmir.


Bundan əlavə, gəlin nəzər salaq, pandemiya dövründə hansı kosmetik vasitələr vətəndaşların köməyinə çatıb?



“McKinsey & Company”nin statistikalarına görə, Amerika Birləşmiş Ştatlarında geyim alışı 52%, makiyaj 36%, fərdi qulluq məhsullarının satışı 11% azalıb. İnsanların ərzaq məhsullarına olan tələbatı 19% artıb. Böyük Britaniyada azalan rəqəmlər ABŞ-da olan məqalələrdən fərqli olmasa da, pandemiya dövründə ingilislərin ərzaq ehtiyacı yalnız 7% çoxalıb. Ən maraqlısı isə Çində şəxsi fərdi qulluq məhsullarının satışı 10% artmasıdır. Ölkədə həmçinin makiyaj məhsullarının alışı da 6% artım göstərib.


Müəllif: Pəri Abbaslı