Texnologiyanın inkişafı ilə gündəlik həyatımıza yeni sözlər daxil olmuşdur. Bu sözlər aktiv şəkildə istifadə olunsa da, mənasını soruşduqda bəzən izah edə bilmirik.


Məhz belə sözlərdən biri də həştəq sözüdür. Həştəq “#” simvolu ilə bərabər işlənən kəlimələrə verilən addır. Buna nümunə kimi #tbt #love #photo və s. həştəqləri göstərə bilərik.


Nəyə görə həştəq istifadə edilməlidir?


Həştəqlər ilk dəfə Twitter sosial media platformasında istifadə edilmiş, bu gün isə artıq Facebook, Instagram, Pinterest kimi digər platformalarda da aktiv şəkildə yayılmışdır.


Həştəqlər hələ də tanıtım üçün ən vacib ödənişsiz vasitələrdən biridir. Onlardan düzgün istifadə edildikdə izləyici sayının artması, daha çox tanınma kimi effektiv nəticələr verə bilir. Həştəqlər günümüzdə xüsusilə məşhur simalar və ya sosial media üzərindən satış həyata keçirən şəxslər, qurumlar üçün satışları artırmaq üçün ən təsirli üsullardan biridir.


Həştəqlər eyni kateqoriyaya aid olan paylaşımları təsnifləndirməyə xidmət edir. Həştəqlər sayəsində sizin paylaşımınızın nə üzrə olmağı aydınlaşır və müəyyən olur ki, post kimlərə məsləhət görülə bilər. Həmçinin insanlar o kateqoriyaya aid olan hər hansı bir məlumatı axtardıqda sizin də paylaşımınız həmin şəxsin qarşısına çıxır. Nəticə etibarilə, həştəqlər doğru və effektiv bir formada istifadə edildiyi zaman izləyici sayı və paylaşımlara gələn bəyənmələrin sayının artmasına müsbət təsir göstərir.


Bayram günləri, xüsusi günlər kimi hər kəsin marağına səbəb olan günlərdə həştəqlərdən istifadə etmək olar, lakin bu zaman xüsusilə diqqətli olmaq lazımdır. Əgər sizin paylaşımınız həmin özəl gün ilə birbaşa əlaqəlidirsə və istifadə etdiyiniz təsvir həmin günlə bağlıdırsa, həmin özəl günün adının həştəqlərdə tam yazılması lazımdır. Brendinizi həmin xüsusi gün ilə əlaqələndirərək diqqət çəkə bilərsiniz.


Bəs həştəqlərdən istifadə sayı sosial media platformaları üçün necə tənzimlənir?


Fikirləri ifadə etmək üçün 140-dan az simvol ilə məhdudlaşan Twitter həştəqlərdən ilk istifadə olunan platformadır. Twitter istifadəçiləri günün Top Tweetini yaratmaq üçün adətən həştəqlərdən istifadə edirlər.


Araşdırmalar sübut etmişdir ki, doğru həştəqlərdən istifadə kütlənin reaksiyasını cəlb etməyə kömək edir. Lakin burada diqqət edilməsi vacib olan bir məqam vardır. Belə ki, Twitter-də mətn yazarkən ikidən artıq həştəq eyni vaxtda istifadə edilməməlidir. Çünki bu hal “engagement”-in artmasına neqativ təsir göstərir. Aparılan araşdırmalar göstərir ki, istifadə olunmuş bir ədəd həştəq ilə “engagement” göstəricisi 90 olduğu halda, 11 ədəd həştəq ilə bu say 10-dan daha az olacaq. Bu səbəbdən də həştəqlərin istifadəsinə məntiqlə yanaşmaq lazımdır. Twitter üçün eyni anda iki ədəd həştəqin istifadə edilməsi ideal olaraq qəbul edilir.


Instagramda həştəqlərdən istifadə birbaşa olaraq bu sosial media platformasında yerləşdirilmiş şəkillər və videolarla əlaqəlidir. Normal halda Instagram eyni vaxtda 30 həştəqdən istifadə etməyə imkan verir. Ancaq 30 ədəd təsadüfi, mənasız həştəqlərdən istifadə etmək çox da məntiqli deyil. Unutmaq olmaz ki, həştəqlər məqsədyönlü və hədəf auditoriya üçün uyğun olmalıdır. Xüsusilə məhsul və ya xidmət təqdimatında istifadə edilən həştəqlər görüntüyə uyğun seçilməlidir.


Burada Instagram və Twitter arasındakı əsas fərq ondan ibarətdir ki, doğru seçilmiş çox saylı həştəqlərin düzgün istifadəsi qarşılıqlı əlaqəni artırır və eyni zamanda fərqli hədəf auditoriyalarına, eyni zamanda çatmağı təmin edir. Misal üçün, yeni bir məhsul və ya xidmət təklif edirsinizsə bu zaman çoxlu sayda həştəqlərdə istifadə edə bilərsiniz. Yəni, həm alıcılara, həm də bu məhsula marağı olan insanlara istiqamətlənən həştəqlərdən istifadə edərək geniş bir kütləyə çata bilərsiniz. Lakin yenə də peşəkar mütəxəssislər eyni anda 10 ədəddən artıq həştəqin istifadə edilməməsini xüsusilə vurğulayır. Unutmaq olmaz ki, bəzən hətta bir həştəq belə çox effektiv təsir yarada bilər.


Dünyanın bir çox yerindən insanlar, həm sənətlərini təqdimetmə baxımından, həm də rəqəmsal marketinq məqsədləri üçün Pinterest-dən istifadə edirlər. Hər bir platformada olduğu kimi Pinterest-in də bu baxımdan özünəməxsus alqoritması mövcuddur. Buna görə də Pinterest üçün ideal olan həştəq sayı üçdür. Mütəxəssislər bildirir ki, əgər 20-dən çox həştəq istifadə edilərsə bu zaman istifadə olunan həştəqlərinin heç bir faydası olmayacaqdır.


Gəldik əsəs məsələyə. Bəs doğru həştəqləri necə müəyyən etmək olar?


Burada qarşınıza fərqli seçimlər çıxacaqdır. Bu zaman peşəkarlardan dəstək ala bilər və ya axtarış platformlarından istifadə edə bilərsiniz. Həştəqlərdən istifadə edərkən daha çox İngilis dilində olan sözlərə nisbətən daha çox üstünlük verilir.


Qeyd edək ki, doğru həştəqlərin seçilməsinə yardım edən iki sayt da vardır ki, bunlardan da yararlana bilərsiniz. Bu saytlar “All Hashtag” və “Photerloo” daxildir.


Müəllif: Gülşən Cəfərli, SMM mütəxəssisi