2020-ci iliin digərlərindən fərqləndirən xüsusiyyətləri xeyli çoxdur. Elə bir neçəsini götürək: karantin rejimi, pandemiya, uzun müddət bağlı qalan çimərliklər və sairə. Fəqət illər keçdikcə dəyişməyən, stabil olaraq cəmiyyətin təfəkküründə bədxassəli şiş kimi qalan düşüncələrdən biri isə gənclərin musiqi baxımından kifayət qədər zövqlü seçimlər edə bilməməsidir.


Mən özüm də gənc olduğum üçün bu mövzuya fikir bildirməyin obyektivliyə təsir göstərəcəyi düşüncəsindəyəm. Amma hələ bu, o demək deyil ki, “Millenium” və “Z” nəslini dəstəkləmək və bu önmühakimə dolu fikirlərin düzgün olduğunu sübut etmək üçün köməyimi əsirgəyəcəyəm.


Instagram və Facebook üzərindən apardığımız onlayn sorğular gənclərin musiqi zövqünü öyrənmək üçün bizə xeyli kömək etdi. Nəzərinə çatdırım ki, onlayn sorğular 9 saat davam edib, bu müddət ərzində onlardan fikirlərini bildirmələri istənilib.



Onlayn sorğunun nəticələrinə görə;


  • Musiqinin mövsümünün olmadığını müdafiə edənlər 31.7% səs çoxluğu ilə öndədirlər;


  • Rok/metal janrlarının alt-növlərini dinləyənlər 18,3% təşkil edərkən;


  • Rap/Hip-Hop sorğuda iştirak etmiş gənclərin 15,1% marağındadır;


  • Klassika 7,1%, RnB/Soul 5,6%, Caz 4,8%, Texno/Hauz/Elektro - 3,2% kimi nəticələrlə səs vermənin kiçik hissəsini təşkil edir.


Səs verənlər içərisində meyxananı seçənlər 1,6% olduğu kimi, seçimlərini xalq mahnılarından yana istifadə edənlər də 1,6%-lə eyni hissəni paylaşır.



Facebook sorğularından fərqli olaraq, Instagram üçün verilən spesifik cavablar azlıq təşkil edir. Rok dinləyənlərin üstünlük təşkil etdiyi sorğuda:


  • Rok və növləri 29,5% yay aylarında səs verənlərin üstülük verdiyi mahnılardır;


  • Pop janrı 18,2% ikən;


  • Yenə musiqini mövsümə görə ayırmayan musiqi sevərlər 13,6%-dir.


Facebook anketindən fərqi olaraq, RnB/Soul cavabları azlıq təşkil edir (2,3%), K-Pop və caz isə yalnız bir neçə nəfər tərəfindən yazılıb (2,3%, 4,5%).


Belə düşünmək olar ki, Azərbaycan gənclərinin kiçik bir hissəsi belə olsa, müəyyən hissəsi musiqiyə həssas yanaşan şəxslərdir.


Müəllif: Pəri Abbaslı