Hər gün işıq sürəti ilə yayılan viral marketinq kampaniyası, yeni viral video və ya viral post görürük. Bəs həqiqətən nədir viral anlayışı? Trend olmaq üçün hansına ehtiyac var: şansa yoxsa viral reklama? Viral marketinqin bəxş etdiyi üstünlüklər hansılardır?


Təbii ki, viral reklamın arxasında yaxşı hazırlanmış bir strategiya olsa da, lakin burada şans, yaradıcılıq və müəyyən hazırlıq da yer alır. Bu termini daha yaxşı başa düşmək üçün öncə bu anlayışın mənasını açıqlayaq.


Viral marketinq – nədir bu anlayışın mənası?


Viral Marketinq insanların marağını cəlb edən, “virus” kimi yayılan paylaşımlarla sürətli və insandan insana ötürülərək məhsulun satışına və ya brendin tanınmasına təsir göstərir. Əsas önəm kəsb edən hissə ideyanın unikal olması və birbaşa reklama deyil-kampaniyanın, hekayənin məzmununa diqqəti cəlb edən olmasıdır.


İnsanlar bu tip kontentləri bəyəndikləri üçün paylaşırlar.


Sürət və istifadə rahatlığı baxımından sosial şəbəkələr bu növ marketinq üçün münbit ortamdır. Buna nümunə kimi son zamanlarda Youtube kanallarında emosional, komik, maraqlı məzmunlu videoların yerləşdirilməsi və bu videoların daha sonra Facebook, Instagram, Twitter və digər sosial platformalarda paylaşılaraq yayılmasıdır.


Lakin virallıq iki tərəfli bir qılınc ola bilər. Yadda saxlamaq lazımdır ki, bu tip kampaniyalarda idarəetmənin böyük bir hissəsi istifadəçilərin əlinə keçir və bu zaman ötürülən mesajın səhv şərh olunma və ya parodiya olunma riski vardır. Digər bir tərəfdən isə uğurlu bir viral reklam kampaniyası markanız üçün möcüzələr yarada bilər.


Viral reklam kampaniyası necə işləyir?


Nəzəri baxımdan viral marketinqi həyata keçirmək çox sadədir: hədəfiniz üçün cəlbedici bir video və ya məzmun yaradın, internetə yerləşdirin və təbliğ edin. Daha sonra tək iş istifadəçilərin sizin reklamınızı kəşf edərək paylaşmağa başlamasıdır. Bəzi keyslərdə isə virallıq təsadüfən baş verir. Məsələn, bir video hər-hansı istifadəçi tərəfindən sosial mediaya yükləndikdən sonra bir anda populyarlaşır və bütün internetdə yayılmağa başlayır.


Brendlərin videoları üçün hazırlanan viral reklam kampaniyalarında tətbiq olunan iki metod vardır: aşkar və gizli metodlar. Birinci halda istifadəçi ilk andan etibarən hansısa bir brendin reklam məzmununa baxdıqlarını bilir, ikinici halda isə brendin iştirakı gizlədilir, ancaq daha sonrada ortaya çıxır.


Əgər gizli marketinq metodu istifadə edilirsə, bu zaman xüsusilə diqqətli olmaq lazımdır ki, hazırlanmış kontent istifadəçilərdə qıcıq yaratmasın və onlar özlərini “ aldatılmış” hiss etməsinlər. Çünki yuxarıda da qeyd etdiyimiz kimi viral kampaniya sizə qarşı çevrilə bilər.


Gizli və ya aşkar, fərqi yoxdur, hansı metoddan istifadə edilirsə edilsin, “spam” ola biləcək məzmunlardan qaçınılmalıdır. Ən yaxşı strategiya ötürmək istədiyimiz mesajı təkrar-təkrar vurğulamaq yerinə mükəmməl yeri və zamanı tapmaqdır, sonrasında viral reklam özünü göstərəcəkdir .


Viral marketinqin üstünlükləri


Aşağı büdcə-viral kampaniyaları səciyyələndirən ən mühüm xüsusiyyət istifadəçilərin brendin reklamının yayılmasında mühüm yer tutmasıdır. Belə olduğu halda xüsusi reklam və ya media məkanı satın almağa ehtiyac qalmır. Bu isə xərclərin böyük bir hissəsinin kəskin şəkildə azalması deməkdir.


Böyük kütləyə çatma potensialı - İnternetdə yerləşdirilmiş bir viral video bir ton pul xərcləmədən və ya heç bir xüsusi səy göstərmədən belə böyük bir beynəlxalq auditoriyaya çatma imkanına malikdir. Bunun sayəsində kiçik bir şirkət və hətta bir şəxs belə son dərəcədə viral ola bilər.


Brendinizin böyüməsinə kömək olur - Təsəvvür edin, siz o qədər inanılmaz bir məzmun yaradırsınız ki, sosial media istifadəçiləri bu məzmunu özləri paylaşmağa başlayır və beləliklə brendinizlə əlaqə qurmağa həvəs göstərirlər. Şübhəsiz ki, bu brendləşmə və brendinizin tanınması (brand awareness) baxımından son dərəcədə güclü bir alətdir.


Viral marketinqdə kontenti paylaşmaq qərarını verən sosial media istifadəçisidir. Bu şəkildə brendin daha aydın başa düşülməsi və öz müştəriləri ilə qarşılıqlı əlaqəyə keçməsi ənənəvi marketinq ilə müqayisədə daha böyükdür.


Müəllif: Gülşən Cəfərli, SMM mütəxəssisi