İnformasiya çirkliliyi (ing. information pollution) informasiya mənbələrinin nataman, zidiyyətli, az dəyəri olan və ya əhəmiyyəti olmayan məlumatlarla çirklənməsidir. İnformasiya çirliliyi informasiya inqilabının mənfi nəticələrindən biri hesab edilir.
Ümumi məlumat
İnformasiya çirkliliyi problemi hələ 1971-ci ildə qaldırıldı. Amma bu termin 2003-cü ildə veb istifadəsi üzrə aparıcı ekspert Yakob Nilsenin mövzu ilə bağlı bir neçə məqalə dərc etməsi ilə xüsusi əhəmiyyət kəsb edib.
Yararsız və istənməyən məlumatların yayılması hər-hansı bir şəxsin fəaliyyətinə mənfi təsir göstərə bilər, ancaq ən böyük zərəri fəaliyyəti davamlı qərar verməli olan şəxslərə təsir edir. Onların effektivliyi aldıqları məlumatın keyfiyyətindən asılıdır. Tədqiqatlar göstərir ki, bir şəxs həddindən artıq məlumata sahib olduqda, bu şəxsin qərar verə bilmədiyi bir vəziyyət olan “təhlil iflicinə” gətirib çıxarır. Texnologiyanın sürətlə inkişafı bu problemin yaranmasına gətirib çıxarsa da, əlbəttə ki, tək problem bu deyil. Bir işi tamamlamağınıza və qərar verməyimiz lazım olan əsas həqiqətlərdən diqqətimizi yayındıran hər şey informasiya çirkliliyinin təzahürü hesab edilir. 18-19-cu əsrlərdə sənaye inqilabının ərtraf mühitin çirklənməsinə səbəb olduğu kimi, 20-ci əsrin son dördə birində informasiya inqilabının da informasiya çirkliliyinə necə yol açdığı arasında bir paralel qurmaq olar.
İnformasiya çirklənməsinin sosial nəticələri insan mühitinin fiziki, kimyəvi və digər çirklənmələrin mənfi nəticələri ilə müqayisə olunur. İnformasiyanın təsirləri, insan həyatının müxtəlif sahələrinə təsir edir, bura insanın fiziki və əqli sağlamlığı, fərdi xüsusiyyətləri aiddir.
Bəzi tədqiqatçılar ətraf mühitin mühafizəsi ilə analoji olaraq, informasiya çirklənməsi ilə mübarizə aparmaq üçün informasiya ekologiyasının yaradılmasını labüd hesab edirlər.
İnformasiya çirkliliyinin qarşısını necə almaq olar?
İnformasiya çirkliliyinin qarşısını almaq üçün cəmiyyətin informasiya mədəniyyətini yüksəltmək, məlumat gigiyenası qaydalarına əməl etmək lazımdır.
Məlumat ilə düzgün işləmək üçün Forest Horton təklif edir ki,
1. Məlumat tələbləri üçün bir plan tərtib edin;
2. Məlumatın toplanması, saxlanılması və geri ötürülməsini idarə edin;
3. Məlumatların istifadəsini qiymətləndirin.
Mütəxəssis Jakob Nilsen lazımsız məlumatları atmağa və alınan hər məlumatı təhlil etməyə çağırır.