İngilis poster rəssamı Bird bir zamanlar afişaları (poster, bilbord və digər küçə vizual mesaj məcralarını) xarakterizə edərkən israr edirdi ki, “yoldan keçən insanı inandırmaq məqsədi ilə divara yapışmış hər şey” afişadır.
Bu fikir həqiqətə çox yaxındır və əslində belə yanaşma tərzi ilə razılaşmamaq mümkün deyil. Həqiqətən də yoldan keçənləri – məlumatsızlıqdan usanan insanları uğura inandırmaq baxımından müharibədə təbliğat vasitələri cəbhəxanasında vizual materiallar ciddi şəkildə seçilir və daha funksional təsir bağışlayır.
Bu tipli plakatların populyar olduğu Birinci və İkinci Dünya Müharibələri dövrünün zəngin təcrübəsi onu deməyə əsas verir ki, posterlərin şəhər mənzərəsində təbliğatın kütləvi kommunikasiya vasitəsinə çevrilməsi çox vacibdir. Bu mənada posterlərin mühüm əhəmiyyət kəsb etməsi də təəccüblü deyil.
Texnologiyanın ciddi inkişaf etdiyi bu günün özündə belə çap məhsulları müharibədə təbliğat ruporu kimi mühüm rol oynamaqdadır. Üstəlik də, hərbi prosesə kütlənin müsbət emosiyasını qatmaq və təşviqata önəm verilməsi məqsədi güdür.
Digər tərəfdən isə əsgərə dəstək məqsədləri üçün çap olunmuş və yayılmış vizual kommunikasiya vasitələrinin önəmli istəyi döyüşçülərin savaş meydanlarında qazandığı zəfərləri arxa cəbhəyə daşımaqdır. Eləcə də isanların – yaşından asılı olmayaraq - mülki əhalinin nümayəndələrinin hafizəsində və qəlblərində dərin iz salınmasına nail olmaqdır.
Bu da son nəticədə, təbii ki, əldə olunan hər uğurun yaddaşlarda silinməz iz buraxacağına ciddi stimul yaradır. Belə olduğu halda hərbi fəaliyyət teatrında əldə olunan hər uğur ruh yüksəkliyi rəmzinə çevriləcəkdir ki, bu da arxa və ön cəbhə arsaında üzvi vəhdətin bağlantısını qırılmaz tellərlə daha da möhkəmləndirir.
Əyani təbliğat vasitələrinin mühüm və diqqəti çəkən böyük üstünlükləri vardır. Birincisi, belə vizual vasitələr sadəliyi ilə seçilir. Üstəlik, mesajlar 7-dən 77-yə qədər hər kəs tərəfindən daha tez anlaşılır. Rəssam və mətn yazarının əməkdaşlığının bariz nümunəsi kimi, posterlər insanlara müsbət emosiyalar bəxş edir və düşməni ələ salıb aşağılamaq üçün əvəzsiz vizual resurs olaraq, hətta bu günün özündə belə, aktuallığını saxlamaqdadır.
İkincisi, posterlərin müxtəliv versiyalarını ərsəyə gətirmək və ya bir posterin özünün kommunikasiya məcralarına uyğun olaraq ölçülərini dəyişmək, çöl reklamı məcralarında asan adaptivliyi ilə də diqqəti cəlb edir. Müharibə dövründə insanın görə biləcəyi hər bir vizual kommunikasiya məcrası hərbin təbliğat məkanında faydalı olduğunu dəfələrlə sübut edə bilmişdir.
Üçüncüsü, sosial mediada yalan və şayiələrlə dolu vizual vasitələrlə kütlənin psixologiyasına təsir göstərmək mümkündür. Burada hər iki istək, düşməni vahiməyə salmaq və öz tərəfinin insanlarını isə daha yüksək ruhda motivasiya etmək üçün vizual nümunələr funksional və emosional müstəvidə ciddi rol oynayır ki, bu da hərbin təbliğat məkanında məharətlə istifadə oluna bilir. Müasir dövrdə də vizual həllər sosial media üçün ciddi resursdur. Qarşıya qoyulan məqsəd üçün ondan istifadə olunmasının müsbət nəticələr verəcəyi şübhəsizdir.
Dördüncüsü, bu bir yaradıcılıq məhsulu kimi, vizuallar da insana təsir üçün etibarlı müstəvidir. Texnoloji nailiyyətlərin sürəti və imkan genişliyi vizual işlərin kreativ həlli məqsədilə ideya baxımından bu gün qarşıya daha ciddi tələblər qoyur. Çünki müharibə şəraitində insanların emosional ovqatı yüksək olur, ən sərt təbiətli adamlar belə kövrəlirlər. Müharibələrin öz tilsimi var. Çünki kütləvi qırğın üçün nəzərdə tutulan müharibədə qalib gəlmək istəyən tərəf hər cür vasitəyə əl atır.
Beşincisi, Azərbaycan reallığı bir sıra özəlliklərə malikdir. Biz 30 ildən çoxdur ki, bu müharibənin olacağını bilirdik, duyurduq, hətta özümüz də tələb edirdik. Yalnız ölkə rəhbərliyinin müdrikliyi sayəsində lazım olan məqamda zəruri vasitələrlə bu savaşa başladıq. Odur ki, ruh yüksəkliyi və haqq işinə inam, düşmənin simasızlığı və məkrliliyi bizi daha diqqətli, ehtiyatlı və müdrik olmağa vadar edir. Biz düşünməli və yenə düşünməliyik. Biz ruh yüksəkliyinin tonusunu daim mühafizə etməliyik. Bundan ötrü təbliğat vasitələrinin rolu danılmazdır.
Altıncısı, əyani təbliğat vasitələri, vizual mesajlar kreativ sadəliyi və ideya dərinliyi ilə fərqlənməli, yadda qalmalı və insana müsbət enerji ötürməlidir. Adamlarda qələbəyə inam hissini coşdurmalı, onları daha ciddi və ayıq olmağa motivə etməlidir.
Yeddincisi, kreativ həll milli mental xüsusiyyətləri də nəzərə almalıdır ki, insanlara psixo-emosional təsir göstərsin, yerli əhalinin daha yüksək ruhda hadisələrə dəyər verməsini təmin etsin, digər tərəfdən, düşmənin vahimə içində yaşamasına rəvac versin. Belə olan halda düşmən həmlələrinə, həm hərb meydanında, həm informasiya məkanında, həm də emosional və psixoloji müstəvidə - təsir göstərmək mümkün olur.
Nəhayət, insanların hərbi şəraitdə yaşadığı dövrdə ciddi informasiya dəstəyinə malik olmasının vizual dıstəklə illüstrasiyası ümumi işin faydası üçün əvəzolunmaz resurs kimi layiqincə dəyərləndirməliyik.
Qələbə bizmlədir,
Teymur Məmmədov,
Kreativ direktor