Müraciət etdiyimiz bu mövzu spesifik xarakter daşıyır. Söylədiklərim sadəcə mülahizə xarakterlidir. Heç bir müəllif bu mövzuda olan yazılarda son instansiyada həqiqətə iddialı kimi baxmır. Mənim söylədiklərim də yalnız mənim mülahizələrimdir.


Amma mövzu özü-özlüyündə maraqlıdır. Doğrudanmı ölkələrin özəlliyi və xalqların mentaliteti baxımından reklam materiallarının xarakteri, mövzusu və kommunikasiya tonu özünəməxsus xüsusiyyətlərə və psixoloji ayrıntılara malikdir?


Ötəri bir nəzər, qaçaraq bir baxış da onu deməyə əsas verir ki, bir az diqqət etsəniz, fərqin olduğunu gərərsiniz…Özü də ciddi fərqlər var…


Gəlin ABŞ-dan başlayaq. Çünki bu gün üçün qəbul olunan reklam standartları öz yolunu Amerikadan başlamışdır. Orada forma və mövzu baxımından püxtələşərək sonralar dünyaya daha geniş miqyasda yayılmışdır.


Amerika reklamları ilk növbədə amerikansayağı həyat tərzini əks etdirir. İnsanların yaşam sərbəstliyi, insan haqları, biznesdə bərabər start şansları, istehlak mədəniyyətinin yüksək olması, hər kəsin qazanmaq və xərcləmək şansına sahibliyi, şəxsi inkişaf, xəyallar qurmaq, öz istəklərinə çatmaq, aktiv həyat tərzi sürmək, özünə güvənmək, liderlik, hamıdan fərqlənmək, öz həyat, geyim, yaşam tərzi ilə seçilməyə can atmaq…


Əslində Amerika istehsalı olan reklamların kommunikasiya tonu sərt olur, mesajlar birbaşa deyilir, ekrandan sənə yönələn mesaj mətnini sanki sənin gözlərinin içinə baxaraq söyləyirlərmiş kimi bir təəssürat oyanır.


Bizdə isə bu heç də hər yerdə və həmişə rəğbətlə qarşılanmır. Amma ABŞ-da buna çoxdan vərdiş ediblər. Bu tipli və tam üstünlük təşkil edən reklamlar onları qıcıqlandırmır. Digər tərəfdən, aqressivliyi yumşaltmaq məqsədilə ailə dəyərlərindən danışılır. Amerikalıların reklamlarında bəzən mətn qırsaqız tonda olur.


https://www.youtube.com/watch?v=yt-zXuAAD6Q


Üstəlik də video ilə mətnə eyni dərəcədə, yəni bərabər status verilir. Son zamanlar isə erotika və seks də reklama gətirilir. Amerika mürəkkəb həyat tərzli bir ölkədir və orada növbəti reklam mesajında daha nələr olacağını gözləyin, amma proqnozlaşdırmayın. Yanılacqsınız. Çünki bu ölkədə innovasiya ilə konservatizm, kreativliklə dayazlıq yana-yana addımlayır.


Hər halda unutmayaq. Reklamın bu günü üçün Amerikaya borcluyuq. Ən böyük reklam agentlikləri Amerikada təşəkkül tapıb və dünyaya yayılıb. Onlardan birinin Azərbaycan strukturunun kreativ direktoru olmuş bir peşəkar olaraq deyə bilərəm ki, Amerika reklam məktəbi dünyaya o qədər ciddi təsir göstərib ki, sırf Amerika reklamı çərçivəsi belə silinməkdədir. Hamı onlardan öyrənib, öyrənir və öyrənəcəkdir.


Amerika reklamı aydın və rasional mesaj verir. stehlakçı düşünmür və birbaşa gərəkli mesajı alır. Kanada reklamı da əslində Amerika reklamı ilə yaxın qohumdur. Onların oxşarlığı təəccüblü deyildir. Çünki hər iki ölkənin həyat tərzində və tarixində oxşar səhifələr, stil və yanaşmalar çoxdur. Amma Kanada reklamları daha soyuqdur. Emosiyalara az yer verilir.


Fransızlarda reklam daha şox kreativə meyllidir, estetizm üstünlük təşkil edir. İngilislərdə reklam daha çox müdrik yumora və kreativ özünəməxsusluğa dayanıqlıdır. Bəzən qroteskə də meylli olur.


https://www.youtube.com/watch?v=Ijhh5J48X9k


Skandinavlar televizora az baxırlar. Onlarda reklam çox məhdud rol oynayır. Amma ispanları televizordan ayırmaq müşküldür. Odur ki, ispan reklamında bir istilik və nəvaziş ruhu vardır. Şərq və Qərb reklamçılıq ənənələri də ciddi fərqlənir. İspanlarda rəqs və musiqi önəmlidir, almanlarda fundamentallıq ön plana çıxır. Qərb düşüncə tərzi məntiqi və analitikdir, subyektin dünya üzərində hökmranlığına can atır, hakimiyyət, iradə, fəallıq, təşəbbüskarlıq onun mayasında dayanır.


Braziliyada və ümumiyyətlə Cənubi Amrikada daha çox rəqs, Günəş və okean genişliyi diqqəti cəlb edir. Hollandiyada reklam dəqiqliyə, təmizliyə, sistemliliyə çağırır, alman düşüncəsinə yaxındır, irland reklamı isə kreativə az meyllidir, bir az metal soyuqluğunu xatırladır.


https://www.youtube.com/watch?v=uoOqLqHfwR4


Rusiya reklamı daha çox öyrədici və informativdir. Afrika reklamları isə kreativə meylldir, daha çox duyğulara mesaj verir. Avstraliya əslində Cənubi Amerika iqliminə yaxın olsa da burada emosiyaların çoşqusunu görməzsiniz, daha çox Qərb praqmatizminə yaxın olduğu müşahidə edilir.


Asiya reklamı fəlsəfi təməllərə dayanıqlıdır. Dünyanın bütövlüyünə, mənəvi dərinliyə xitab edir. Tayland reklamları çox ciddi kreativ dəyərə sahibdir. Yaponiyada obrazlılıq, müdriklik önəmlidir. Gündoğar ölkədə reklamda yarpaq xışıltısında belə bir fəlsəfi mahiyyət tapacaq və obrazlılıq qabarıq göstəriləcəkdir. Hindistan reklamında incə milli köklər və dərin tarixi ənənələr ön plana çıxır. Bu ölkədə çap məhsulları ilə reklam audio-video daşıyıcılarından daha üstündür və populyar olması ilə seçilir. Çində də reklamın özəllikləri Şərq stilistikasına sadiqdir. Təbii ki, bir məqalədə bütün dünyanın reklam özəlliklərini əks etdirmək mümkün deyildir.


Reklam özü-özlüyündə konkret məkanda və regionda mövcud olan ölkənin və onun sakinlərinin həyat tərzinin, düşüncələrinin, sosial davranışlarının, alışqanlıqlarının təzahürüdür. İstər qədim dünyanın tarixinə, istərsə də həmin məkanlarda bu gün yaşayanların alışqanlıqlarına nəzər salsanız, davranış qohumluqlarını görəcəksiniz.


https://www.youtube.com/watch?v=GmYVfyqzu4Y


Məsələn, Qədim Şərq ölkələrində atlı çarçılar yaşayış məskənlərini gəzib dolanaraq qul, əmlak satışı və hökumət fərmanları barədə əhalini məlumatlandırırdılar. Fikir verin, hər şey səsli kommunikasiya ilə həyata keçirilirdi. Qədim Roma və Yunanıstanda isə daha çox divar yazıları və freskaların vasitəsilə qladiator döyüşləri, xidmət sahələri və digər vacib hadisələr barəsində şəhər sakinləri məlumatlandırılırdı.


Bu mövzuya ölkəmizin müqəddaratı üçün müstəsna əhəmiyyət daşıyan bu savaş zamanı müraciət etməyim də təsadüfi deyildir. İlk baxışda toxunduğum mövzu qeyr-ciddi də qəbul oluna bilər. Amma, inanın ki, belə deyil. Bu gün hər birimiz qlobal miqyasda Azərbaycanın intibahının astanasındayıq. Biz tam yenilənirik. Biz tam yeni bir toplum olaraq bu savaşdan qalib çıxacağıq. Biz tam yeni bir tarixi mərhələyə qədəm qoyaraq, tam yeni bir renessans sevincini yaşayacağıq.


Bu zaman reklam və ictimaiyyətlə əlaqələrin rolunu çox yüksələcək.Texnoloji inkişafla üzvi bağlantıda biz irəliyə doğru ciddi addımlar atacağıq. Biz buna məhkumuq. Biz inkişafa və tərəqqiyə məhkumuq. Çünki bizim ictimai şürumuzda, bu zaman kəsimində milli özünüdərkdə ciddi irəliləyiş olacaqdır. Özünə güvən, özünə hörmət, özünün qədrini bilmək və öz ləyaqətinə hörmət etməklə bərabər, bu hörməti ummaq ciddi əhəmiyyət kəsb edəcəkdir.


https://www.youtube.com/watch?v=syXjUTleYO8


Reklamda da dəyişiklik bu yöndə gedəcəkdir. Yüksək dəyər olaraq ailə təməlinə dayanıqlı, tarixi keçmişə hörmət və quruculuq gələcəyinə bağlılıq dövrün vizit kartına çevriləcəkdir. Yaxşı olanı dünyadan öyrənəcəyik, daha da inkişaf etdirəcək və öz milli-etik dəyərlərimizin süzgəcindən keçirəcəyik.


Bundan sonra reklamda yamsılamaqdan qaçmağa, orijinallığa can atmağa bel bağlayacağımız da şübhə doğurmur. Çünki Azərbaycanın qarşısında çox böyük vəzifələr qoyulmuşdur ki, bu da onun tarixi missiyasında doğur.


Missiyamız mədəni inkişaf, tolerantıq, insanlara hörmət, inkişaf və yenə də inkişafdır.


Tərəqqi arzusu ilə,


Teymur Məmmədov


Kreativ direktor