Reza Deqati (fr. Reza Deghati, azerb. Rza Diqqəti) 26 iyul 1952-ci ildə İran, Təbrizdə dünyaya gəlib, Fransa vətəndaşı olan fotojurnalistdir. Reza dünyanın ən məşhur fotoqraflarından biridir. 30 ilə yaxındır ki, National Geographic nəşri üçün çalışır.


Onun fotoları National Geographic, GEO, Time Photo kimi tanınmış jurnalların üz qabığını bəzəyir. Bəzi ekspertlərə görə, o, müasir dövrün ən yaxşı foto reportajçılarından biridir.


Deqati 1979-cu ildə, hələ 25 yaşında olan zaman radikal islamçıları hakimiyyətə gətirən çevrilişdən sonra doğma vətəni İranı tərk edir. Belə bir qərar verməsinə səbəb isə ölkədəki rejim dəyişikliyi olub. Reza Deqati humanist bir fotoqrafdır. O, fotolarında insan faciəsi və konfliktini, eləcə də bəşər aləminin gözəlliklərini vurğulayır. O, daha kiçik yaşlarından kamera ilə tanış olub və 68 yaşı olmasına baxmayaraq, həyəcanını itirmədən kamerasına sarılıb. Reza sanki hər ana şahid olmaq üçün kamerasını da həmişə yanında aparır. O, ölümlə rəqs edərək, müharibənin olduğu ən qaynar nöqtələrə getməkdən çəkinmir. 2005-ci ildə isə Fransanın sabiq prezidenti Jacques Chirac tərəfindən Fransanın ən böyük şərəf medalyonu Legion Dhonneur ilə təltif edilib.


O, deyir: "Mən fotolarımı çəkən zaman qaç və vur prinsipi ilə çalışmıram. Əsasən, faciə yaşayan insanların içində uzun bir zaman keçirirəm. Onların faciəsini başa düşməyə çalışıram. Daha sonra isə onları çəkirəm".


Azərbaycan, Xudafərin körpüsü 2020-ci il



Fotojurnalist öz peşəsi ilə yanaşı, xeyriyyəçilik ilə də məşğuldur. O, 2001-ci ildə xeyriyyə təşkilatı olan AINA-nı yaradıb. Xeyriyyə təşkilatı uşaqların təhsili məsələləri ilə məşğul olur.


Onun 2014-cü ildə Azərbaycana həsr etdiyi iki kitabı işıq üzü görüb. Kitablarında isə 20 Yanvar faciəsi, Dağlıq Qarabağ Müharibəsi və Xocalıya vurğu edib.


II Qarabağ Müharibəsi başlayanda Reza Azərbaycanda idi. O, ermənilərin ballistik raket atdığı Bərdə şəhərində də insanların facisəsini fotolarında əks etdirməyi bacarmış və dünyaya baş verən hadisələri fotoların dili ilə çatdırmışdı.


Xudafərin körpüsünə Azərbaycan bayrağı sancılanda da 68 yaşlı hərbi jurnalist Reza da orada idi. Bir çox internet istifadəçisi isə yazırdı ki, siz orada şanlı Azərbaycan ordusu tərəfindən yeni alınan Xudafərin körpüsünü görürsünüz, amma mən Reza-nın gözlərindəki kədəri… O, gözlər ki, dogma vətəni İran, Təbrizə həsrətlə baxır…


Onun, Füzulidəki və 1992-ci ildə çəkdiyi və II Qarabağ Müharibəsi zamanı paylaşdığı Şuşada sonuncu çay fotoreportajı da azərbaycanlılar tərəfindən maraqla qarşılanmışdı.