Storyboarding (hekayə lövhəsi) əslində hər bir televiziya filminin, tammetrajlı kinofilmlərin, animasiya (multiplikasiya filmlərinin) çəkilişi prosesində ayrılmaz element kimi mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir. Hətta böyük sərgilərin, habelə kütləvi əyləncəli tədbirlərin keçirilməsinə hazırlıq mərhələlərində soryboarding ciddi rol oynayır. Ərsəyə gətiriləcək yaradıcılıq məhsulunun təcəssümünün, ideyanın şəkilləndirilməsinin, videosıraların əvvəlcədən simvolik tərzdə də olsa belə təsəvvür edilməsinin müstəsna rolu hekayə lövhəsi üçün xarakterikdir.
Ekspertlərin qeyd etdiyi kimi, hekayə lövhələri əslində film çəkilişinin görüntülü planlama prosedurudur. Bu, xüsusilə reklam filmlərinin çəkilişinə hazırlıq prosesində ssenaridə irəli sürülən ideyanın, reklam çarxının dramaturgiyasının, çəkiliş və montaj prosesi gedişinin xüsusiyyətlərinin kompleksi barədə müştəridə aydın təsəvvür yaratmağa ciddi dəstək verir. Hekayə lövhəsini rəssamlar çəkir. Bütün bunlar istehsala başlamazdan əvvəl həyata keçirilir. Məqsəd isə sifarişçidə montaj sonu yanlış təsəvvürlər yaranmasının qarşısını almaqdan ibarətdir. Yəni hekayə lövhəsi istehsal prossesində önləyici addım kimi qiymətləndirlməlidir.
Hekayə lövhəsi obrazların dəqiq surəti olmur, rəssam təxəyyülünün məhsulu kimi, ssenarinin qısa vizual xülasəsini xatırladır. Rəssamlar reklam filminin necə görünəcəyini komiks kimi təsvir edirlər və məntiqi ardıcıllıqla sıralayırlar. Bir çox hallarda isə rejissorlar hekayə lövhəsindən imtina edirlər. Öz fikrimi söyləyirəm, hekayə lövhəsinə biganə olan, habelə hekayə lövhəsini fotolarla həyata keçirən rejissorun sonda hər kəsin düşündüyü kimi ortaq standarta uyğun bir məhsul ortaya çıxaracağına şübhə edirəm.
Çünki hekayə lövhəsi olmayanda ssenaridə bəhs olunan mövzunun açılışı müxtəlif insanların təfəkküründə müxtəlif cür şəkillənir ki, bu da hazır reklam çarxının təqdimatında ciddi fikir ayrılıqları doğuracaqdır. Hər halda hekayə lövhəsinə müraciət eməkdə rejissorlar sərbəstdir. Amma mən xarici ölkə rejissorları ilə də çox çalışmışam. Təcrübəmə əsaslanıb deyə bilərəm ki, xaricilər bu alətin çəkilişlər zamanı, istehsal mərhələsində daha çox faydalı ola biləcəyinə tam əmindirlər.
Əslində hekayə lövhəsi filmi tam əhatə edə bilməz. Çünki hətta rejissor hekayə lövhələri (bilavasitə çəkilişin özündə gərəkli olur) azından 15, 20, 30 kadrdan ibarət olur. Kadrların sayı planların çoxluğundan, bəhs olunan məhsulun çəkiliş zamanı yarada biləcəyi vizual çətinliklərdən asılı olaraq artıb-azala bilir. Hekayə lövhəsində hekayənin başlıca məqamları, ssenarinin konturları əks olunur. Bəzi ekspertlər buna son məhsulun yığcam stenoqramması da deyirlər. Məsələn, reklam çarxları, orta hesabla 25 -70 saniyədən çox olmayan məhdud vaxt çərçivələrində - xronometrajlarda istehsal olunur.
Hekayə lövhəsi rejissora ssenaridəki məlumatları çatdırmaq üçün hər plana, məhsulun özünə, habelə stopkadra nə qədər vaxt ayıracağını qabaqcadan saniyələrə bölərək planlaşdırmaq imkanı verir ki, bu da montaj prosesini daha efektiv edə bilir. Hekayə lövhəsi reklam çarxını hissələrə parçalamağa, bloklara bölməyə real imkan verir, sonda da meydana gətirilən hazır məhsul ssenarinin məntiqi dramaturgiyasına və marka mesajının çatdırılmasına dəstək kimi çox səmərəli olur.
Hekayə lövhəsinin ən ümdə üstünlüyü və özəlliyi ondan ibarətdir ki, planlara keçid, kameranın hərəkət trayektoriyası, yaxın, orta və ümumi planların məntiqi ardıcıllıqla növbələşməsi, dramaturji ardıcıllığının izlənməsi çəkilişdən xeyli əvvəl rejissora və operatora bəlli olur, çəkiliş meydanında uzun-uzadı müzakirə və mübahisələrə ehtiyac qalmır, sanki bütün film rejissorun hafizəsində güzgüdə olan kimi əks edilir.
Təəssüflər olsun ki, bəzi hallarda çəkiliş meydançasına gələnə, set qurulana qədər bəzi rejissorlar nəyin, necə və nədən sonra sıralanacağını tam təsəvvür etmir. Bu da çəkilişə əsəbilik və natamamlıq gətirir. Hekayə lövhəsi işləndikdə rejissor və çəkiliş komandasının üzvləri nəyin, nə zaman və necə olacağını tam təsəvvür edə bilirlər, çəkiliş sürətli gedir, prossesin özü iştirakçılara məmnunluq gətirir, insanlar gördükləri işdən zövq alırlar.
Storyboard – hekayə lövhəsi, konsepsiyanı təkrar-təkrar nəzərdən keçirmək və istehsala başlamazdan xeyli qabaq çəkilişə zəruru dəyişikliklər etmək üçün fürsət kimi də diqqəti cəlb edir. Hərbiçilərin təbirincə desək, müdafiə zamanı bu axırıncı istehkam xəttidir. Onu baş verə biləcək hər hansı gözlənilməzliyin qarşısının öz vaxtında alınması üçün ehtiyatda olan B variantı kimi də nəzərdən keçirmək olar.
Unutmayın ki, hekayə lövhəsi təsdiqləndikdən sonra ona hər zaman dəyişiklik edə bilərsiniz, ancaq bunu etmək əlavə təsdiqə ehtiyac duyduğu üçün çəkiliş zamanı ləngimələrə səbəb ola bilər.
Bütün bunlar onu deməyə əsas verir ki:
- hekayə lövhəsi çəkiliş prosesinin yol xəritəsidir,
- istehsalın yön və istiqamətləri detallaşdırılır,
- çəkiliş planlarının və keçidlərin ardıcıllığı dəqiqləşdirilir,
- istənilən düzəlişləri çəkilişə qədər etmək mümkün olur,
- çəkiliş zamanı texniki problemlər xaric, ləngimə səbəbləri istisna olunur,
- çəkiliş prosesində vaxtaparan müzakirələrə ehtiyac qalmır,
- sifarişçi və icraçı arasında reklam çarxının detallarına dair yekdil təsəvvür formalaşır,
- çəkiliş komandası həvəslə işləyir.
Uğurlar diləyi ilə,
Teymur Məmmədov
Adver.az