Düşünürük ki, bir işdə uğurlu olmağın açarlarından bir neçəsi davamlı olmaq və deadline-lar ilə işləməkdir. Bu düşüncəmiz ətrafında daha geniş bir vizyon əldə etmək üçün isə biznesdə uğurlu olan peşəkarlardan müsahibə almaq qərarına gəldik. Deadline-lar ilə işləmək məsələsi bir çox insanların “yaralı” yeri olduğu üçün bu mövzu ətrafında müsahibəmiz daha bir neçə nəfər yerli mütəxəssislər ilə də davam edəcək.
Beləliklə, facemark.az -ın DEADLİNE-LAR İLƏ NECƏ İŞLƏMƏLİ? mövzusunda peşəkar idarəçi Anar Bayramov ilə müsahibəsini təqdim edirik.
Düşünürəm ki, şirkətin effektivliyində, uğurunda icra intizamının əhəmiyyətli rolu var. Bu isə deadline-lara əməl etmək deməkdir. Şirkət bunu bir dəyər kimi qəbul edəndə daha effektiv olur – yəni bütün işçilər qəbul etsin ki, deadline-lar gözlənilməlidir. Deadline-a “müqəddəs” bir şey kimi baxmağa alışmalıdır işçilər. Deadline qoyulubsa, deməli işi o vaxta kimi görmək lazımdır. Hər hansı səbəbdən işdə gecikmə gözlənilirsə, vaxtında rəhbərliyə məlumat verilməlidir ki, müvafiq tədbir görülsün (əlavə kömək verilə bilər, yeni deadline müəyyən oluna bilər və s.).
- Xarici mütəxəssislər deyir ki, deadline ehkam deyil, onu alıcıya dəyişdirmək də olar?
Ehkam deyil, amma çox “zarafat” da eləmək olmaz deadline ilə. Əsaslı səbəbi olmalıdır dəyişdirməyin. Əsas odur sonda heç kimə ziyanı olmasın.
Gecikmə ehtimalı varsa, vaxtında müştəriyə deyilməli, üzr istənilməli, alternativlər müzakirə olunmalıdır. Gecikməyə vecsiz yanaşacaqsansa, bu, müştəridə ikrah yaradacaq. Hər şey et ki, müştəri sənin əlindən gələni etdiyinə, narahat olduğuna əmin olsun.
- Müştəri obrazında deadline ilə işləyən zaman hansı uğursuz hallar ilə qarşılaşmısınız? Əsasən, onların belə demək mümkünsə bəhanələri nə olub?
Özümü “çətin” müştəri saymıram. Özümü qarşı tərəfin yerinə qoymağa, onları anlamağa çalışmışam. Bəhanələr, yaradıcılıq fantaziyaları çox olub.
- Bizim kreativ komandada çalışan əməkdaşlarımızdan biri həmişə deyirdi ki, o yaradıcı insandır və deadline-lar ilə işləyə bilmir bu onun yaradıcılığını sıxır. Siz nə fikirdəsiniz? Yaradıcı insanlara deadline qoymaq olmaz?
Yaradıcı insan Allahın imtiyazlı bəndəsi deyil. İşi vaxtında çatdırmayanda həmin yaradıcılıq da gərəksiz ola bilir. Bəzən işi vaxtında çatdırmaq işin keyfiyyətindən də daha önəmli ola bilir. Bunların fərqində olmaq lazımdır.
- Əlbəttə, müasir texnologiya və alətlərin inkişafı bizə kömək edir ki, deadline-lar ilə işləmək üçün onlardan istifadə edək. Bəs, siz deadline ilə işləyən zaman hansı əlavə və platformalardan istifadə edirsiniz? Yoxsa, ajendada not almağın tərəfdarısınız?
Əsas məsələ işi düzgün planlaşdırmaqdır. Çalışmaq lazımdır ki, planlar realist olsun. Hansı köməkçi alətdən istifadə etmək hesab etmirəm ki həlledicidir. Müxtəlif zamanlarda müxtəlif digital alətlərdən istifadə etmişəm.
- Niyə bizdə hələ də belə fikir var ki, deadline son tarixdir, ona qədər işlərə baxmamaq da olar. Hətta Critical Path Method-una görə, bütün deadline-lar son tarixdə tamamlanır və ona daha az vaxt sərf edilir. Bu nə ilə bağlıdır?
Fərdlərə görə səbəblər dəyişir: düzgün planlamanın olmaması, tənbəllik, məsuliyətsizlik, aşırı özgüvən, saymamazlıq və s.