Aİ-92 avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri üzrə tarif tənzimlənməsi aparılıb və 5 yanvar tarixindən yeni tariflər tətbiq edilir.
Facemark.az xəbər verir ki, bu haqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq.
Tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlərin intensivliyi daha da artırılıb.
Dövlət Xidməti sahibkarların nəzərinə çatdırır ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək.
Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olunduqda, toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndəriləcək.
İstehlakçılar istehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər (tel:498-15-01, 498-15-04).