Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti son zamanlar vətəndaşlardan daxil olan müraciətlərin çoxluğunu və əksər vətəndaşların məlumatlı olmadıqları üçün kiberdələduzların qurbanına çevrildiyini nəzərə alaraq əhalini “Azərpoçt” MMC adına açılan saxta saytlar barədə bir daha xəbərdar edir.
Bu barədə Facemark.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta “WhatsApp” nömrələrindən bu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan “Azərpoçt”un adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyir. Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir.
Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir. Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin qurumun rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır.
Real alıcı ödəniş etmək üçün heç bir halda satıcını hər hansı sayta yönləndirmir, CVV/CVC (kartın arxasındakı üçrəqəmli kod) və kartın etibarlılıq müddəti kimi məlumatları tələb etmir. Alıcının ödəniş etməsi üçün satıcının, sadəcə, kart hesab nömrəsini və ya cari hesab nömrəsini təqdim etməsi kifayət edir.
Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməli və hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdır.
Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.