Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2020-ci ildəki fəaliyyət nəticələrini elan edib. Xarici çağırışlara baxmayaraq, Bank yaxşı maliyyə nəticələri nümayiş etdirərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqeyini möhkəmləndirib.


1 yanvar 2021-ci il tarixinə bankın aktivləri 1,03 milyard manat təşkil etmişdir ki, bu da banka ölkənin aparıcı beş bankı sırasında yerini qoruyub saxlamağa imkan vermişdir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, bankın məcmu kapitalı 7% artaraq 83,9 milyon manat olmuş və minimum məcmu kapital normasını (50 mln. manat) 68% üstələmişdir. I dərəcəli kapitalın adekvatlıq əmsalı 11,19%, məcmu kapitalın adekvatlıq əmsalı isə 16,73% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2,2 dəfə və 1,9 dəfə çoxdur. Bundan əlavə, bankın kapitalından istifadənin effektivliyini əks etdirən maliyyə levereci əmsalı 5,8% təşkil edib ki, bu da normadan 1,5 dəfə çoxdur.


COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, Bank 2020-ci ildə müsbət dinamikanı davam etdirə bilmiş və ilin sonunda bankın xalis mənfəəti 6,02 milyon manat təşkil etmişdir. 2019-cu ilə nisbətən xalis faiz gəliri 10% -dən çox artaraq 45,5 milyon manata çatmışdır. 12 ay ərzində Bank tərəfindən verilmiş kreditlərin ümumi həcmi 369 milyon manatdan çox olmuşdur ki, bunun da əsas hissəsi real sektorun dəstəklənməsinə yönəldilmişdir.


2020-ci ildə Bank uğurla bank sistemini yeniləyərək yeni çevik bir mikroservis arxitekturasına keçmiş, bu isə, bankın bazarın aktual tələblərinə daha sürətli cavab verməsini təmin etmişdir.


Bankın etibarlı və səmərəli fəaliyyətinin nəticəsi olaraq, Moody's beynəlxalq reytinq agentliyi, bankın uzunmüddətli kredit reytinqini “stabil” proqnozla B3 səviyyəsində təsdiqlədi. Bu reytinq isə, ölkə bankları arasında olan ən yüksək reytinqlərdən biridir. Bundan əlavə, Bank of New York Mellon bankın beynəlxalq bazarda qüsursuz nüfuzuna əsaslanaraq ABŞ dolları ilə müxbir hesabı açmaq üçün müsbət qərar verdi.


““2020-ci il tarixdə Azərbaycan xalqı üçün ən parlaq və yaddaqalan il olaraq qalacaq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz müharibəni böyük qələbə ilə başa vurdu. Əminəm ki, bu qələbə ölkənin inkişafı yolunda bütün sahələrdə daha da böyük uğurların qazanılmasını təmin edəcəkdir.


Qlobal pandemiyanın mənfi nəticələrinə baxmayaraq, Bank Respublika zamanında bütün qabaqlayıcı tədbirləri gördü və hədəflərinə çatdı. Bank yüksək nəticələri məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin tətbiqi və inkişafı sayəsində əldə etmişdir. Mən istərdim dəstəklərinə görə həm yerli, həm də xarici səhmdarlarımıza, eləcə də, yüksək peşəkarlığa və Bankın inkişafındakı əvəzsiz töhfəsinə görə mehriban kollektivimizə xüsusi minnətdarlığımı bildirim. Həmçinin, bankın müştərilərinə və tərəfdaşlarına göstərdikləri etimada görə təşəkkür edir və 2021-ci ildə uğurlar arzulayıram!"-deyə Bank Respublika Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.



Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.