Fevralın 23-də, saat 23:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev özünün “Facebook” sosial şəbəkəsindəki hesabından canlı yayım təşkil edib.
Bu barədə facemark.az-a “Azəriqaz”dan bildirilib.
Məlumata görə, baş direktor havaların kəskin dəyişməsi ilə bağlı qaz təchizatında hər hansı bir problem yaranıbsa, bunu, abunəçilərdən özü dinləmək istəyib. Təqribən 40 dəqiqə davam edən yayım zamanı respublikanın ayrı-ayrı yaşayış məntəqələrindən müxtəlif səpkili müraciətlər səsləndirilib.
R. Əliyevlə bağlantıya 7 minə yaxın “Facebook” izləyicisi qoşulub. 703 rəy yazılıb. Statistik analiz göstərir ki, bir çox abunəçilər qazın təzyiqindən razı olub. Bəzi yerlərdə isə xırda problemlər müşahidə olunub. Canlı yayıma İstehsalat Birliyinin bütün əlaqədar strukturlarının rəsmi şəxsləri də qoşulub. Onlar abunəçilərin qarşılaşdıqları çətinliklər barədə yazılan şərhləri dərhal qeydiyyata alaraq, əlaqə nömrələrini istəyiblər.
Bu gün səhər saatlarında isə abunəçilərə “Facebook” sosial şəbəkəsi üzərindən müraciət olunub ki, qaz təchizatına dair yarana biləcək çətinlik barədə “Azəriqaz”ı dərhal məlumatlandırsınlar: "Çağrı Mərkəzi: 104/185. Whatsapp nömrəsi: 077 3 104 104. Sizdən cavab gözləyirik".