Dünya iqtsadiyyatının dinamikasına nəzər salsaq görərik ki, müxtəlif zaman kəsimlərində yüksəliş və tənəzüllər bir-birini əvəz edir. Mövcudluğunu uzun müddət saxlamaq istəyən şirkətlər daim gözlənilmədən gələ biləcək iqtisadi böhrana hazırlıqlı olmalıdır. Necə ki, böhran fərqli şərtlər diktə edir, biz də fərqli marketinq alətlərindən istifadə edib bu sınaqdan üzüağ çıxmalıyıq. Başqa sözlə desək gəmimizin yelkənini küləyin istiqamətinə çevirməliyik.
Buna yaxşı bir nümunə kimi çalışdığım şirkətdə tətbiq etdiyimiz fəqrli bonus proqramını göstərmək olar. Belə ki, şirkətimiz stomatoloji məhsulların satışı ilə məşğuldur. Uzun illər ərzində əməkdaşlıq etdiyimiz həkimləri xarici elmi konfranslara göndərirdik. Məlum pandemiya səbəbindən hal-hazırda xarici ölkələrə səfərlər məhdudlaşdırıldığı üçün məcbur da olsa bonus proqramımızda dəyişiklik etmək qərarına gəldik. Əzəli müştərilərimizdən birinə son model premium smartfon hədiyyə etdik. Hədiyyəni təqdim edərkən çəkdiyimiz şəkli sosial mediada paylaşdıq və bu digər müştərilərimizin də böyük marağına səbəb oldu. Bir neçə gün sonra bizdən qismən uzaqlaşmış iki həkim eyni kompaniyaya qoşulmaq istədiklərini bildirdilər. Onlara aylıq dövriyyə hədəfləri qoyaraq müqavilə bağladıq və hədiyyələrini təqdim etdik.
Başqa bir nümunə kimi həftənin ən aktiv müştərilərinə ölkəmizin ən yaxşı istirahət mərkəzlərində həftəsonu istitahəti təklif edirik. Bu kampaniya da ilk gündən müştərilərimiz tərəfindən maraqla qarşılandı və təklifə müsbət cavab verənlərin sayı da günü-gündən artmaqdadır.
Gördüyünüz kimi, çox sadə ideyalar ilə həm satışımızı artırdıq, həm müştəri məmnuniyyətinə nail olduq, həm də sosial şəbəkələr vasitəsilə bundan real reklam kimi istifadə etdik.
Kənardan baxsaq premiuim smartfon almaq və ya ölkədaxili turlardan yararlanmaq hər hansı bir stomatoloq üçün əlçatmaz deyil. Burada məsələnin mahiyyəti müştərilərin loyallığına şirkət tərəfindən qiymət verilməsidir.
Beləliklə bu nümunədən gördüyümüz kimi böhran zamanı bədbinliyə qapılmaq əvəzinə mövcud vəziyyətdən ən az zərərlə çıxmaq üçün yollar axtarmaq daha məqsədə uyğundur. Bəzən ətrafımıza diqqətlə baxmaq belə çıxış yolunu tapmaq üçün kifayət edə bilir.
Vüqar Səmədli
Satış meneceri, Caspident.