Reklam yazmaq yaradıcılıq tələb edir. Bəs yaradıcılıq nə tələb edir?


Yaradıcılıq bir bacarıqdır, lakin hər bir bacarıq kimi o da “işləyən dəmir paslanmaz” prinsipi ilə daha da inkişaf etdirilə bilər. Yaradıcı bir fikir yaratmaq üçün nə etmək lazımdır?


1. Fikir yaratmağın yolu düşünməkdən keçir. Ağlınıza bir fikir gəlmədisə araşdırın, yenidən düşünün. Heç vaxt 1 fikir kifayət etmir, 10 fikir düşünün.


2. Fikirlərinizə qarşı qəddar olmağı bacarın. “Ən yaxşısı budur” deyə düşündüyünüz işlərin belə sonu zibil qutusu ola bilər.


3. Rəssamın yaratdığı şəkil başa düşülmədiyi kimi bəzən ideyalarınız da hər kəs tərəfindən anlaşılmaya bilər. “Mən burada bir məna görmürəm” cümləsini eşitməyə hazırlıqlı olun. Təklif etdiyiniz hər bir ideyanı niyə etdiyinizi öncə özünüz bilin ki, qarşınızdakı şəxsə də ibtidai sadəliklə başa sala biləsiniz.


Yazmağa necə başlamaq lazımdır? Kopirayterin beyninin iş prinsipi ilə kompüter beyninin iş prinsipində oxşarlıq təşkil edən məqamlar var.


  • Kompüter informasiyanı toplayır, saxlayır, emal edir və istifadəçiyə çatdırır.
  • Kopirayter isə mümkün qədər geniş və detallı brif toplayır, onları kateqoriyalara uyğun qruplaşdırır və ideyanı formalaşdıraraq istifadəçiyə çatdırır.

Buradan da aydın görünür ki, kopirayterin işinin sadəcə 10%-i yazmaqdır. Qalan 90%-i araşdırmaq, markanı analiz etmək (hətta şərhləri oxumaq), strategiyanı müəyyənləşdirmək və düşünməkdən ibarətdir. 90%-lik bu hissəni nəzərə almadan yazmaq yalnız sizi və komandanızdakı 2-3 nəfəri qane edə bilər.


Reklam yazarı həmişə yalan deməyi bacaran dürüst bir insan olmalıdır.


Qısası reklam yazmaq antonimlərin vəhdəti deməkdir. Kopirayter olmaq üçün aşağıdakı xüsusiyyətləri özünüzdə ehtiva edə bilməlisiniz:


1. Gerçəklik – Xəyalpərəstlik


Faktları duyğularla birləşdirin. Məsələn, X məhsulu tam təbii tərkibdən hazırlanmışdır (fakt) demək əvəzinə X məhsulu övladınızı ən az sizin qədər qoruyacaq mesajını vermək daha məqsədəuyğundur.


2. Toplama – Çıxma


Lazımlı məlumatları topla, mənasız sözləri çıxar. Sloqan və ya ssenari yazarkən yalnız ən mühüm məqamları toplamağa, boş söz toplusunu çıxarmağa cəhd edin. Məsələn,


“Gələcək üçün əsas məqsədimiz ən son texnologiyadan istifadə etməklə hazırlanan texnoloji vasitələrlə işinizi asanlaşdırmaqdır” yazmaq əvəzinə


“İşinizi asanlaşdıracaq texnoloji yeniliklə gəlirik” yazmaq mesajın daha tez ötürülməsinə səbəb olur.



3. Dağıtmaq – Yaratmaq


Eyni söz mənfi imici dağıtmağa, müsbət imic yaratmağa qadirdir. Əsas qabiliyyət isə həmin sözü seçməyi bacarmaqdır.


Reklam yazarlığı ilə uzaqdan əlaqəsi olan insanlar belə mətnlərin və çağırışların mümkün qədər qısa olmasının vacib olduğunu bilirlər. Bəs, uzun mətn yazmaq məcburiyyətindəsinizsə, nə etmək olar? Siyasətdə olan “parçala və idarə et” anlayışı kopiraytinqdə də fərqli formada təzahür edir: “punktlaşdır və cəlb et”. Uzun məlumat çatdırmaq lazımdırsa, bunu ən kompakt formada etməyə çalışın.



1 yazınız varsa, 1 çağırışınız (CTA) olsun.


  • Al
  • Zəng et
  • Müraciət et
  • Kliklə
  • Daha çox oxu

Yazınızda bu çağırışlardan sadəcə birindən istifadə edin. Çox çağırış etmək, fikri fərqli istiqamətlərə yönəltməklə reklamın düzgün yerə çatmamasına səbəb olacaq.


Və ən əsas qaydanı unutmayın: Bütün işlər təcilidir.