SMM - yəni Sosial Media Marketinq (və ya Sosial Media Menecment) hazırda ən gündəmdə olan digital marketinq alətidir. Azərbaycanda bir çox ənənəvi reklam mütəxəssisi bu mühüm digital marketinq kanalından öz bilgi və təcrübəsi çərçivəsində istifadə edir. Amma bu sahə yeni olduğuna və işi peşəkar səviyyədə bilmədiklərinə görə təbiidir ki, səhvlər edirlər. Bu yazıda mən, təcrübəmdə də müşahidə etdiyim top 10 SMM səhvi diqqətinizə çatdıracam.


1. Sosial media strategiyanız yoxdur


Hər bir iş strategiya ilə başlayır və plan əsasında həyata keçirilir. Bizdə isə SMM işçiləri sırf insanları əyləndirmək, daha çox bəyənmə, şərh toplamaq üçün kontent hazılayır, hər səhər işə gəlib "Bu gün nə post paylaşaq?" sualına cavab axtarırlar. Əslində isə hazırlanan kontent potensial müştərinin maraq və ehtiyaclarına cavab verməli, son nəticədə marketinq məqsədlərinə nail olmağa kömək etməlidir.


Şirkətin marketinq strategiyası çərçivəsində sosial mediada 3 əsas məqsədi var:


1. Brendi sosial media istifadəçiləri arasında tanıtmaq, tanınmasını artırmaq;


2. Düzgün və faydalı kontent təqdim etməklə brendə qarşı empati yaratmaq;


3. Alış qıfının maraq və dəyərləndirmə mərhələsində olan potensial müştərilərini alışa sövq etmək.


Sosial media strategiyası bu 3 məqsədi nəzərə almalı, bu məqsədlərə uyğun kontent marketinq planı hazırlanmalıdır.


2. Hədəf auditoriyasını elə də yaxşı tanımırsız


Sosial mediada paylaşılan kontent kim üçün nəzərdə tutulub? Facebook-da, Instagram-da boş vaxtlarını keçirənlər, hər posta mız qoyanlar üçün, yoxsa səhifənin reklam etdiyi məhsulu alacaq potensial müştəri üçün? Cavabınız ikinci variantdırsa, özünüzə növbəti sualı soruşun: Siz öz potensial müştərinizi nə qədər yaxşı tanıyırsız? Cavab verməkdə çətinlik çəkirsinizsə demək daha bir SMM səhvi edirsiz.


SMM strategiyasını hazırlayarkən müştəri araşdırması aparıb Sosial Media Personalarınızı təyin etməlisiz. Bu personalar İdeal Müştərinizin bir növü sosial mediada əksi olmalı, onların sosial media davranışlarını ehtiva etməlidir. Sosial media personalarınızı yaxşı tanıya bilsəniz, onların marağını cəlb edəcək, onları inandıracaq kontent hazırlaya və etibar yaradacaq ünsiyyət qura biləcəksiniz.


3. Kontent strategiyanız yoxdur


Kontent strategiyası hansı kontenti hazırlamalı olduğumuzu və onun nə vaxt, harada və necə paylaşmaq üsullarını müəyyən edir. Kontent strategiyanın əsas məqsədi izləyicimizin marağını cəlb edəcək, ona fayda verəcək və ünsiyyətə sövq edəcək kontenti hazırlamaqdır. Daha sonra isə paylaşımları hədəf auditoriyanızın ən aktiv olduğu şəbəkədə, ən çox reaksiya verdikləri vaxtlarda və tərzdə paylaşmaqla daha çox orqanik ünsiyyət yaratmağa çalışmalıyıq. Bunları bilmədən, ən gözəl kontenti paylaşsanız belə, sosial şəbəkənin alqoritmi bu kontenti lazımi qədər izləyiciyə göstərməyəcək. Nəticədə isə gördüyünüz SMM işinin dəyəri aşağı olacaq.


4. SMM-ə ayırdığımız resurslar yetərsizdir


Az öncə qeyd etdiyimiz kimi marketinq aləti olaraq SMM-in öz məqsədləri var. Bu məqsədlərə nail olmaq üçün SMM üçün cəlb etdiyiniz resurslar yetərli olmalıdır. Misal üçün:


  • Vizual kontent qəbul olunmuş foto və video standartlarına cavab verməlidir. İzləyiciniz şəklin və video çəkilişin keyfiyyətsiz olmasını kontenti görən kimi anlayacaq. Kontentinizin keyfiyyətsiz olması izləyicidə sizin brendin, şirkətin, məhsulun da yetərsiz olduğu düşüncəsi yaradacaq.
  • Keyfiyyətli kontent hazırlamaq üçün vəsait ayırsanız belə reklam üçün büdcəniz yoxdur. Axı niyə pul verib kontent hazırlayırsız, amma onu daha çox adama göstərmək üçün büdcə ayırmırsız? Bu kontent özü gedib müştərinizi tapmayacaq (əksər hallarda). Sosial şəbəkələr Brend kontentini hər il daha az izləyiciyə göstərir, bir növü şirkətləri reklama büdcə ayırmağa vadar edir. Xoşlamasınız belə bu həqiqəti qəbul etməlisiz.

5. KPI-lar biznes məqsədlərinə bağlı deyil


Sosial media kanallarında paylaşdığınız və reklam etdiyiniz kontentin effektivliyini necə ölçürsüz? Hansı KPI-larınız var? Onlara nail olmaq üçün hansı promouşn strategiyasını rəhbər tutursunuz? Ən əsası isə bu KPI-lar biznes məqsədlərinə uyğundurmu? Misal üçün, siz daha çox Instagram-da izləyici sayını artırmağa çalışırsız, amma əslində bu izləyicilər heç də sizin potensial müştəriniz deyil. Və ya reklam edirsiz, amma reklamı sizin məhsula marağı olmayanlar (da) görür. Siz heç reklam bitəndən sonra reklamı kimlər görüb, kimlər daha çox videonuza baxıb deyə maraqlanırsız? Ən kobud səhvi isə kontent paylaşıb sayta keçid verməyən onlayn mağazalar edir. Niyə də, niyə? Sənin müştərin tənbəldir, onun sosial şəbəkəyə girməkdə əsas məqsədi vaxt öldürmək, dincəlməkdir. Zənn etmədi ki, müştərin link olmayan paylaşımı görüb özü birbaşa onlayn mağazaya daxil olacaq? Bunu ancaq yuxunda görərsən. SMM işini elə qurmalısan ki, effektivliyini elə ölçməlisən ki, biznes və ümumi marketinq məqsədlərinə nə qədər xidmət etdiyini anlayasan. Onlayn sayt misalında əgər sənin sosial media kontentin sayta potensial müştəri gətirmirsə SMM-ə xərclədiyin pul boşuna xərclənir.


6. Müştəri xidmətiniz yoxdur


SMM işçilərinin etdiyi səhvlərdən biridir - kontenti paylaşırlar, amma potensial müştərilərin suallarına, müraciət və şikayətlərinə cavab vermirlər, görməzdən gəlirlər. Sosial media 2 tərəfli ünsiyyət kanalıdır, siz istifadəçilər ilə danışdığınız kimi, onlar da sizinlə danışa bilər. Buna hazır olmaq vacibdir - şirkət işçisi olaraq SMM işini görürsünüzsə operativ şəkildə suallara cavab vermək üçün ən azından tez-tez soruşulan suallar kimi yaddaş kitabçanız olmalıdır. SMM agentliyi işçisi kimi müştəri səhifəsini aparırsınızsa, ya bu cür sorğulara cavab verə biləcək müştəri və məhsulu haqqında məlumatınız olmalı, ya da bu işi şirkətə dövr etməlisiniz.


7. Mənfi PR hallarını düzgün idarə edə bilmirsiz


Əvvəlki SMM səhvi misalında qeyd etdiyimiz kimi, sosial mediada sizə qarşı mənfi rəylər də olacaq. Bundan qaçmaq mümkün deyil. Sosial media hesablarınızda və ya istifadəçilərin özlərinin sizi tag edərək şikayətlərinə düzgün və vaxtında reaksiya vermək vacibdir. Şikayət haqlıdırsa dərhal üzr istəməli və səhvinizi düzəltməlisiniz. Haqlı deyilsə və ya araşdırmağa ehtiyac varsa, bu halın baş verdiyinə görə təəssüfünüzü bildirib məsələnin araşdırılacağına söz verməlisiniz. Nəticə barədə də izləyicilərinizi dərhal məlumatlandırmalı, bu halı özünüzə müsbət PR nümunəsi kimi istifadə etməlisiniz.


8. Reklam olunan paylaşımları idarə edə bilmirsiz


Paylaşımlarınızı reklam edirsiz? Facebook-un verdiyi məlumata görə səhifələrin 2/3 heç vaxt reklam vermir. Reklama qoyanda hədəfləməyə diqqət edirsiniz, yoxsa Facebook və ya Instagram-ın ixtiyarına buraxırsınız? KPI-lara çatmaq üçün nə qədər büdcənin yetərli olduğu bilirsinizmi? Özünü peşəkar hesab edən SMM meneceri heç vaxt Facebook-un Ads Manager-inə daxil olmayıbsa, demək ki bir çox effektiv hədəfləmə və analitika alətlərindən xəbərsizdir. Reklamı düzgün qoşmaq hələ işin yarısıdır. Digər yarısı isə nəticələri düzgün analiz edib, səhvləri düzəltmək, uğurlu nəticələri isə SMM və kontent marketinq strategiyasının optimallaşdırmasında istifadə etməkdir.


9. Hər bir sosial media platformasında eyni iş aparırsız


Hər bir sosial media kanalı funsksionallıq baxımından fərqli və unikaldır. Instagram istifadəçilərinin davranışları, kontent ilə ünsiyyət şəkli Facebook-dakından fərqlənir. Facebook-da daha çox şərh yazılırsa, Instagram-da daha çox bəyənmə olur. YouTube-da videolara daha çox baxılır. SMM səhvi etməmək üçün hər bir kanala uyğun iş aparmaq, kontenti fərqləndirmək, kontentin hər bir platformada ən effektiv paylaşmaq tərzini və vaxtlarını bilmək vacibdir.


10. Digər marketinq kanalları ilə inteqrasiya etmirik


Sosial media digər marketinq kanalları kimi bir marketinq alətidir. Ümumi marketinq kommunikasiyasının effektiv olması üçün bütün bu kanallar həmahəng şəkildə çalışmalı və bir nöqtəyə vurmalıdır. Misal üçün, şirkətin saytı. Bu sayta Facebook Pixel quraşdırmaqla siz, saytınıza gələn Facebook və Instagram istifadəçilərini izləyə, reklamlarda onları ayrıca hədəfləyə bilərsiz. Google Analytics vasitəsi ilə hər bir sosial media kanalından gələnləri görə və hansı kanalın daha çox effektiv olduğunu müəyyən edə bilərsiz. Sosial media hesablarınızı CRM sisteminiz ilə inteqrasiya edərək müştərininin mümkün şikayətlərini daha səmərəli şəkildə idarə edə bilərsiz. Onlayn mağazanız varsa, saytınızdakı məhsulları Facebook səhifənin mağazası ilə əlaqələndirib, paylaşımlarınızda məhsullarınızı tag edə və maraqlananları birbaşa onlayn mağazanıza, həmin məhsulun səhifəsinə göndərə bilərsiz.


SMM işçilərinin etdiyi səhvlər ancaq bunlardırmı? Əlbəttə, yox. Bu yazıda qeyd olunan top 10 SMM səhvi ümumi SMM işinin effektivliyinə ən çox təsir edənlərdir. Bu cür səhvlərinizin olmaması ümidilə...


Müəllif: Rəşad Nəzərli, MKTG.az marketinq bloqu