Müdir hərarətli bir söhbətin ardından mobil telefonu masasına qoyur, otağından çıxıb özündən əmin addımlarla sizə yaxınlaşır və üzündə həmin o məmnun ifadə ilə:
- Yeni iş götürmüşük! – deyir.
Siz sevinirsiniz, gözlərinizə işıq gəlir, lakin eyni zamanda, sövq-təbii bir narahatlıq da hiss edir və bu xoş xəbərin ardından gələcək “əsas bomba”nı gözləyirsiniz. Gözləriniz müdirin dodaqlarındadır. Nəhayət, gözlənilən cümlə eşidilir:
- Filan şirkət üçün ayda 30 ədəd sosial media postu.
Bir anlıq dünya qaralır və başınızın gicəlləndiyini hiss edirsiniz.
“Yenə?!” – deyə səssiz bir hayqırış beyninizdə şimşək kimi çaxır.
Bunu, əlbəttə, müdirə hiss etdirməməyə çalışaraq:
- Aha, nə gözəl! – deyirsiniz.
Sonra isə taleyinizdən şikayət etməyə və kopiraytinqin ekzistensial problemlərini düşünməyə başlayırsınız.
Dəli-dəli suallar beyində cövlan edir: “Nə üçün sadəcə SMM?”, “Sadəcə SMM üçün mövcuduq?”, “Kopiraytinqin varlıq səbəbi SMM-dir?” və s.
Məsələ bu qədər dramatik olmaya da bilər. Əvvəla, rahatlamalı və özümüzü ələ almalıyıq. Ən böyük təsəlli: sadəcə Azərbaycanda yox, bütün dünyada reklam sektoru ənənəvi medianı tərk edərək get-gedə sosial şəbəkələrə “köçür”. Bu, qaçınılmaz və qlobal bir tendensiyadır. Haqlı olaraq, şikayət edə bilərsiniz: “Sosial şəbəkə postlarından o yana gedə bilməmək yaradıcılığımı korşaldır axı!”.
Müəyyən mənada doğrudur ki, sadəcə sosial şəbəkə postları hazırlamaq bir kopirayterin yaradıcılığını limitləyə və onun arzusunda olduğu daha geniş spektrli işləri reallaşdırmaqdan məhrum edə bilər. Əlbəttə, ayda 10 şirkət üçün gündəlik olaraq 30 post hazırlamaq və yekunda, bir ayı 300 sosial media postu ilə başa vurmaq kopirayterlikdən çox-çox fərqli bir iş görmək deməkdir. Bu, artıq darıxdırıcı, maraqsız və öz-özünü təkrarlayan kontentlərin hazırlanmasında avtomatizasiya mərhələsinə keçiddir. Beyin yeni və yaradıcı yanaşma tətbiq etməkdən məhrum olur, keyfiyyətin ölümü elan olunur və kəmiyyət öz qələbəsini elan edir.
Boşuna deyil ki, son illərdə Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə:
#kopiraytinqsmmdemekdeyil,
#kopiraytinqsmmdenibaretdeyil,
#copywritingisnotsmm -tipdə sosial məzmunlu heşteqlərə rast gəlinir.
Az qala, “Dünyanın bütün kopirayterləri, birləşin!” şəklində qlobal bir çağırış elan olunacaq və kimsə “Kopiraytinq Manifesti”ni yazıb bütün dünyaya yayacaq. Kopirayterlər isə masalarının arxasında oturub gizli-gizli bu inqilabi mətni oxuyaraq coşacaq və ədalətsiz düzənə baş qaldıracaqlar.
Təəssüf ki, qlobal trendlərdən kənarda qalmaq mümkün deyil. Ənənəvi medianın nüfuzunu itirməsi və dünya əhalisinin yarıdan çoxunun sosial şəbəkə istifadəçisi olması reklam sektorunu da sosial şəbəkələrə üstünlük verməyə sövq edir. “Global Stats”-ın 2020-ci ilə olan məlumatlarına görə, Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin ardıcıllığı belədir: Facebook, Pinterest, YouTube, Instagram, Twitter. Pinterest-in reklam üçün o qədər də əlverişli mühit olmadığını nəzərə alsaq, geriyə Facebook, YouTube və Instagram qalır. Televiziyaların qeyri-rəsmi olaraq ölümü və ya can çəkişməsi bu sosial şəbəkələrin dirçəlişinə səbəb olur. Nəticə isə gözləniləndir: reklam məkan dəyişdirir.
Tamamilə razıyam: kopiraytinq SMM-dən ibarət deyil. İllər boyunca sadəcə SMM-lə məşğul olmaq haqlı şəkildə hər bir kopirayerin kabusudur. Buna görə də, zənnimcə iş bölgüsü aparmaq, bir neçə kopirayteri işə cəlb etmək və “SMM kopirayterləri”ni digər kopirayterlərdən ayırmaq, bəlkə də, daha məqsədəuyğundur. Bir nəfər kopirayter ayda 200-300 sosial media postu hazırlamaqla nə özü inkişaf edə bilər, nə çalışdığı agentlik, nə də müştərinin biznesi. Bu, daha ziyadə, “zehni istismar” və ya “qeyri-məhsuldar əmək” hesab oluna bilər.
Get-gedə yüksələn tendensiya və trendlərə ayaq uydurmaq üçün hər bir agentlik çevik davranmalıdır. Lakin bu, necə olur-olsun, bütün yükü kopirayterin çiyinlərinə qoymaq demək deyil. Əks təqdirdə, kopirayterlərimizin yaradıcı zəkalarını korşalda və bir daha eyni iti zəkanı və məhsuldarlığı görməyə bilərik.