Bir zamanlar video kontentin kölgəsində qalan podkastlar indi təəccüblü şəkildə əsas axınlardan birinə çevrilib.
Facemark.az xəbər verir ki, araşdırmalara görə, hər 10 nəfərdən 6-sı podkastın nə olduğunu bilir. 112 milyon amerikalı - xalqın 40%-i ən az bir podkast epizodu dinləyib. Podkast dinləyiciləri içində kişilər çoxluq təşkil etsə də, bu fərq çox deyil: dinləyicilərdən 56-i kişi, 44%-i isə qadındır.
Əgər heç mikrofon arxasında olmamısınızsa belə, uğurlu podkast planına sahib ola bilərsiniz.
1. Planınızı sizə xatırlatmaq üçün siyahı hazırlayın
Podkasta başlamamışdan əvvəl özünüzə suallar verin. Əsas kütləniz kimlər olmalıdır? Podkast aparıcısı kimi, uzun müddətli bir layihə istəyirsiniz, ya qısa? Sizi dinləyənlərə hansı tip podkast şousu təqdim etmək istəyirsiniz?
Məlumdur ki, planınız özünüzə uyğun tənzimlənməlidir, lakin əsas texniki məsələlərə uyğunlaşmağınızda fayda var: podkastınız üçün sosial media profilləri açmaqdan başqa, mikrofon almaq da mütləqdir.
2. Podkastınızın üslubuna qərar verin
Hər bir aparıcı podkastının xüsusi nüanslara sahib olmasını istəyir. Bir çox podkast aparıcısı müsahibəli epizodlarda eyni sualları soruşur, amma əlbəttə ki, bu, dinləyicilər üçün hər zaman maraqlı olmur. Şübhəsiz ki, bu üsul daha az hazırlıq tələb edir, amma eyni zamanda aparıcıya tənbəl görkəmi verir. Solokastlar (solo epizodlar) paylaşmaqdan çəkinməyin. Ekspertlər 4-1 nisbətini uyğun hesab edir (4 müsahibə, 1 tək epizod).
Hazırda dünya bazarında əyləncəli podkastlarla yanaşı, reseniya podkastları, podkast teatrları da mövcuddur. Üslubunuz nə qədər dəqiq olsa, dinləyicilərin sizi tapması asanlaşacaq.
3. Çevrənizdən maksimum dərəcədə istifadə edin
İlk 10 epizodda özünüzə maraqlı, əyləncəli profil yaradın. Tanışlarınızla əlaqəyə keçib tanınmış qonaqlara çıxış əldə etmək üçün kömək istəyin. Məşhur qonaqlar yalnız podkastlarınızın məşhurlaşmağına deyil, həmçinin, sosial mediada viral olmağına, yadda qalmağına kömək edəcək.
4. Podkastınızın reklamına önəm verin
Hədəflədiyiniz kütlə sizi asanlıqla tapmayacaq. Onlara çatmaq üçün reklamlardan istifadə edin. Qonaqlarınızdan xahiş edin ki, qoşulduqları epizodları öz sosial media profillərində paylaşsınlar. Podkastınız üçün açdığınız profili işlədin, hekayələr paylaşın, icazə verin ki, rəqamsal dünya sizə kömək etsin.
Bu üsullar gözünüzü qorxutmasın. Podkast proqramı hazırlamaq nə qədər ilk mərhələlərdə çətin görünsə də, müəyyən vaxtdan sonra professionallaşıb öz hədəfinizə asanlıqla çata bilərsiniz. Planlı olmaq və dinləyici kütlənizin nə istədiyini bilmək bu yolda sizə çox kömək edəcək.
Hazırladı: Pəri Abbaslı