Facemark “The Athletic”ə istinadən xəbər verir ki, Portuqaliya - Macarıstan oyunu öncəsi təşkil olunan mətbuat konfransında Kriştianu Ronaldonun sadə hərəkətindən sonra “Coca-Cola” səhmləri 4 milyard dollar ucuzlaşıb.
Mətbuat konfransında Portuqaliya millisinin kapitanı “Coca-Cola” məhsulunu kənara itələyərək su şişəsini masaya qoyub. O, hərəkətini bu cümlə ilə tamamlayıb: "İçməli olduğunuz budur." Kriştianu sağlam qidalanmanın tərəfdarıdır və qazlı içki istehsalçıları üçün reklam kampaniyalarında heç vaxt yer almayıb. Futbolçu tərkibində şəkər olan heç bir məhsuldan istifadə etmir, pəhriz saxlayır.
Avro 2020-yə sponsor olan “Coca-Cola” Ronaldonun koladan imtina etməsindən 30 dəqiqə sonra birjada 1,6% ucuzlaşıb. Ümumi itkilər 4 milyard dollar olub. Lakin mütəxəssislər bu hadisələri bir-biri ilə əlaqələndirmirlər: “İstehsalçının səhmləri futbolçunun mətbuat konfransından üç gün əvvəl düşməyə başlamışdı”.
Sağlam qidalanmanın son zamanlar məşhurlaşması səbəbindən “Coca-Cola” satışları bir neçə ildir azalır. 2020-ci ildə şirkət satışlarını azalmasını pandemiya ilə əlaqələndirib: gəlirlərinin yarısı 2020-ci ilin ikinci rübündə qida satışlarından və bağlanmış kinoteatrlardan gəlirdi. İstehsalçı itkiləri yeni istiqamətlərə yönələrək kompensasiya etməyi düşünür: qəhvə satışı və qida əlavələrinin istehsalı ilə. Şirkət eyni zamanda zərərli kateqoriyalardan uzaqlaşacaq və markalarının sayını 430-dan 200-ə endirəcək.