2022-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 3,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 232,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin ilk ayı ilə müqayisədə 86,2 milyon ABŞ dolları və ya 59 % artıb.


Facemark.az ''Report''a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın fevral sayında bildirilir.


Məlumata görə, 2022-ci ilin yanvar ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 milyon ABŞ dolları artaraq 52,8 milyon ABŞ dolları təşkil edib. İl ərzində kimya sənayesi məhsullarının ixracı 9,3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 56,5 %, pambıq lifi ixracı 56,4 %, pambıq iplik ixracı 34,5 %, şəkər ixracı 24,1 %, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 10,2 % artıb.


Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 31 % artaraq 60,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 71,9 % artaraq 172 milyon ABŞ dolları təşkil edib.


2022-ci ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,1 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (70,6 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (14,5 milyon ABŞ dolları) olub.


2022-ci ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (22,2 milyon ABŞ dolları) birinci, xurma (17,1 milyon ABŞ dolları) ikinci və meşə fındığı (15,9 milyon ABŞ dolları) üçüncü olub.