Facemark.az MİRF2022 spikeri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnsan resursları departamentinin direktoru Müşfiq Əmircanov ilə müsahibəni təqdim edir:



1. Salam, Müşviq bəy, sizi daha yaxından tanıyaq. İş həyatınız / iş təcrübəniz haqqında qısaca danışa bilərsinizmi?


Salam. Mən 10 ildən artıqdır ki, insan resursları sahəsində çalışıram. Bu dövrdə həm özəl, həm dövlət sektorunda çalışmış, bir sıra layihələrdə yer almışam. Fəaliyyətim kadr kargüzarlığı, işə qəbul seçimdan tutmuş insan resurslarının idarəedilməsinin ümumi istiqamətlərinə qədər əhatə edib. Eyni zamanda insan resursları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan olan CİPD-nin “Certificate in Human Resources Management” adlı uzunmüddətli sertifikasiya proqramını bitirərək Associate CİPD səviyyəsinə yiyələnmişəm.



2. Bir şirkətin məhsul və ya xidmət istehsal etmək üçün ən vacib resurslardan biri insan resurslarıdır. İnsan resurlarını digər sahələrdən ayıran amillər hansılardır?


Əslində müəssisənin öz məqsəd və hədəflərinə çatması üçün öz resurslarından faydalı istifadə etməsi çox vacibdir. Burada insan resurslarının idarə edilməsi də istisna deyil, lakin insan resurslarının idarəedilməsinin fikrimcə, spesifikliyi ondadır ki, məhz insanlarla təması nəzərdə tutur və təbiəti etibarilə bir-birindən fərqli insanların idarəedilməsi idarəçilikdə çox incə və həssas yanaşmalar tələb edir. Burada hamı üçün standart qaydalar tətbiq etmək bir çox hallarda mümkün olmur. İnsan xarakterləri, peşəkarlıq və digər amillər idarəetməyə təsir edir. İşçilərin məhsuldarlığını təmin etmək üçün müəssisələr tərəfindən işçilərin yalnız maddi deyil, həm də qeydi-maddi ehtiyacları nəzərə alınmalı olur.



3. İnsan resursları şirkətin əsas dəyərlərini qorumağa kömək edir. Azərbaycanda insan resursları sahəsində hansı boşluqlar var?


Bu sahənin digər sahələrlə müqayisədə Azərbaycanda yeni olması İR mütəxəssislərindən xarici təcrübəni yaxşı öyrənib, onu yerli şəraiti nəzərə almaqla tətbiq etməyi tələb edir. İşə qəbul və seçim mərhələsi ilə bağlı tez-tez İR mütəxəsislərinin sosial şəbəkələrdə tənqid olunması hallarına rast gəlirik. Şəxsi fikrim odur ki, namizəd ilə şirkət arasında ünsiyyət yolları olmalıdır ki, namizəd nə üçün uyğun olmadığını, şirkətin seçimi necə apardığını tam anlaya bilsin. Digər bir müşahidəm odur ki, biz işçilərin fəaliyyətini qiymətləndirmə zamanı çalışırıq ki, klassik qiymətləndirmə metodlarını tətbiq edək. Halbuki bir çox xarici böyük şirkətlərdə qiymətləndirmə zamanı tamam fərqli metodlar tətbiq olunur.



4. Hazırda çalışdığınız agentlikdə işə qəbul-staj prosesi necə həyata keçirilir? Namizəddə hansı meyarlara üstünlük verirsiniz?


Agentlikdə işə qəbul zamanı agentliyin işə qəbul qaydalarına uyğun prosesi aparırıq. Namizədlərin cəlb olunması üçün istər elan, istər tövsiyə, istər "headhunting" metorlarından istifadə edilir. Namizədlərə dair gözlənti və vəzifə tələblərini aydın qoymağa çalışırıq ki, uyğun namizədləri seçə bilək. CV-lərin ilkin dəyərləndirməsindən sonra testləşmə və müsahibələr vasitəsilə namizədlərin bilik, bacarıq və səriştələrini müəyyən edirik. Daha çox üstünlük verdiyimiz namizədlər agentliyin dəyərlərinə uyğun meyarlara cavab verənlərdir.



5. Şirkətdə yeni işə başlayan namizədlərə hansı məsləhətlər və tövsiyələr verə bilərsiniz?


Ümumiyyətlə, yeni işə başlayan şəxslər şirkətdə mövcud olan korporativ qaydalar, əsas tənzimləyici sənədlərlə tanış olmalıdır. İR mütəxəssisləri onlara təlimatlandırma vasitəsilə bununla bağlı öz köməyini göstərməlidir. Bundan əlavə, hər bir şirkətin daxili mədəniyyətinə xas elementlərlə tanışlıq da vacibdir və bu həmin əməkdaşın qısa zamanda işə adaptasiyasına yardımçı olacaqdır.



6. Sizcə insan resursları peşəsi gələcəkdə necə formalaşacaq və insan resursları departamentlərinin iş intizamında nələr dəyişəcək?


Bu barədə tam fikir söyləməkdə çətinlik çəkirəm. Fikrimcə, aydın görülən meyil bu sahədə informasiya texnologiyasının geniş tətbiqi, rəqəmsallaşma, idarəetmədə bürokratik tələblərin azalmasının matris idarəetmənin artmasının HR-a da ciddi təsir edəcəyidir. Həmçinin görünən odur ki, biznes və HR funksiyalar da bir-birinə çox yaxınlaşmaqdadır.



7. Heç vaxt unutmadığınız müsahibə anınızı bizimlə bölüşə bilərsinizmi?


Əslində namizədlərlə aparılan hər bir müsahibə dəyərlidir. Öz peşəkarlığını, bacarıqlarını daha yaxşı göstərən namizədlər daha yaddaqalandır.



8. Rəqabətin gündən-günə artdığı bu dövrdə şirkətlər daha yaxşı işçilərə sahib olmaqla rəqiblərini keçməyə çalışırlar. Şirkətlər üçün uyğun təhsilli, ixtisaslı və uyğun işçilərin olması böyük əhəmiyyət kəsb edir. Ölkənin əmək bazarının hazırki vəziyyəti ilə bağlı fikirləriniz necədir?


Nə qədər ağır olsa da yeni iş axtaranlar üçün ən böyük problem şirkətlərin istədiyi meyarların tam şəkildə təmin olunmamasıdır. Bir çox hallarda məzunlar tələb olunan bilik bacarıqlara iş yerlərində yiyələnirlər. Həmçinin ümidverici hal odur ki, işçilərdə irəli getmək, nəyəsə nail olmaq həvəsi onlara səriştəliklərini daim artırmağa sövq edir və bu da əmək bazarında peşəkarların sayının artmasına gətirir.



9. Bildiyimiz kimi, aprel ayının 16-sı 5-ci dəfə keçiriləcək Milli İnsan Resursları Forumunda spiker olaraq çıxış edəcəksiniz. Hansı mövzu üzrə çıxışınız olacaq?


Mövzum ölkədən getmiş yüksək ixtisaslı mütəxəssislərin ölkəyə dəvət etmək üçün tədbirlərlə bağlı olacaq. Beyin axınının qarşısı alınması üzrə şirkətlərin nə edə biləcəyi tədbirlər də çıxışımda əhatə olunacaq.



10. Forumdan gözləntiləriniz nələrdir?


Forumda bir çox müəssisələrin İR mütəxəssisləri olacağı üçün gözəl təcrübə mübadiləsinin olacağına inanıram. Həm də bu forum ətrafımda olan İR peşəkarları ilə yenidən görüşmək və yeni peşəkarlarla tanış olmaq imkanı olacaqdır.



Müsahibə üçün təşəkkürlər!