Facemark.az "HR Hunter" şirkətinin təsisçisi və direktoru İlkin Mirzəzadə ilə müsahibəni təqdim edir.



1. İlkin bəy, sizi daha yaxından tanıyaq.


"HR Hunter" şirkətinin təsisçisi və direktoru, insan resursları üzrə təlimçi, insan resursları üzrə konsultant.



2. Sizcə, “yaxşı marketinq”in komponentləri hansılardır? Başqa sözlə, "yaxşı marketinq" anlayışınız necədir?


Yaxşı marketinq odur ki, bütün bazar səni yaxşı tanıyır, effektiv reklam və marketinq strategiyana görə səni bazarda yaxşı keys kimi göstərirlər.



3. Dinamik və daha çox dəyişən bir proses olan istehlakçı davranışında sizcə markaların istehlakçıda sadiqlik yaratmaq üçün seçməli olduğu marketinq strategiyası nəcə olmalıdır?


İndiki dünyada sadiqliq demək olar ki, söz olaraq qalıb. Daim bazarda qalmaq üçün pul xərcləməlisən, adın bazarda getməlidir, müştərilərinə daha diqqətlə davranmalısan. Səhvlər az etməlisən. Emosional davranmamalı, xüsusilə indiki satışlara arxayın olub istehlakçı davranışlarını 2-ci plana qoymamalısan.



4. Həm dünyada, həm də ölkəmizdə hansı markaların, şirkətlərin strategiyasını uğurlu hesab edirsiniz?


"Coca cola"nı ən uğurlu marka kimi deyə bilərəm. 100 illərdi ki, 100-lərlə ölkənin seqmentinə və ağız dadına uyğun məhsullar buraxır. Ölkəmizdə bu işlər müəyyən şirkətlər tərəfindən görülsə də, hesab edirəm ki, tərifləmək üçün gedəcəyimiz yol çoxdur.



5. Hər bir şirkətin uğur əldə edə bilməsi, mövcud bazardan pay götürə bilməsi, rəqabət şəraitində üstünlük əldə edə bilməsi üçün biznes strategiyası olmalıdır. Sizcə, bu strategiya şirkətlərə nə üçün vacibdir?


Strategiya vacibdir. Lakin xüsusilə Azərbaycan şirkətlərində strategiyanı yalnız top menecment bilir. Digər sıravi işçilərin bundan xəbəri olmur. Strategiya o zaman uğurlu olur ki, sıravi işçiyə qədər hər kəs onu bilsin.



6. Bu gün brendlər arasında olan ünsiyyət əsasən rəqəmsal platformalar vasitəsilə idarə olunur. Rəqəmsal və real həyatda olan ünsiyyəti müqayisə etsək, şirkətlərə təsiri baxımından nələr deyə bilərsiniz?


Günümüzün reallığı sosial şəbəkələr vasitəsilə müəyyən satışlar və reklam işləri həyata keçsə də, bunu çox şirkət ifrat dərəcəyə çatdırır. Spam reklamlar, düzgün auditoriyaya məxsus olmayan təkliflər insanları bezdirir. Lakin reallıq odur ki, sosial şəbəkədə reklamın yoxdursa, satışın yoxdur demək dövrüdür.



7. İnternet artıq həyatımızda çox əhəmiyyətli rola malikdir. Şirkətlər artıq internet vasitəsilə reklam kampaniyaları həyata keçirir, potensial müştərilər tapır və hətta onlara məhsul və ya xidmət satır. Rəqəmsal marketinqin gələcəyini necə dəyərləndirirsiniz?


Bir HR olaraq rəqəmsal marketinqin gələcəyini yaxşı görürəm. İnternet dövrü olduğuna görə, şirkətin mütləq şəkildə saytı olmalıdır. E-kommersiya və məhsul satırsansa, mütləq onlayn satış sistemin olmalıdır. Pandemiya bizə göstərdi ki, kim vaxtı ilə onlayn satış qurub ümumi satış dövriyyəsinin 10-15% faizin bununla edirdisə, pandemiya dövründə bu rəqəm 40-50% yüksəldi. Hətta sərt karantin dövründə 100% satışların hamısı onlayn üzərindən olan şirkətlər də kifayət qədər idi. Sahibkar anlamalıdır ki, şirkətin onlaynda yoxdursa, gələcəyi sual altındadır.



8. Biraz da “HR Hunter” şirkətinin fəaliyyətindən bəhs edək. Şirkətin uğurla böyüməsi, inkişafı üçün hansı amillər şərtdir?


Şirkətimiz rəsmi olaraq 9 aydır ki, fəaliyyətdədir. Hazırda 25 yaxın şirkət ilə əməkdaşlığımız var. Təlimlərimizdən 100-lərlə insan yararlanır. Komanda sayımız böyüyür, eyni zamanda reklamımız artır. Düşünürəm ki, bu hələ getdiyimiz yolun 1-2% dir. İnkişaf ani olmur. Ani olursa ani də çökürsən. İnkişaf üçün ən əsas amil məhz əməkdaşlardı. Əməkdaşları incitməməlisən. Əks halda işə başlamamış bitirəcəksən. Ən əsası biznes kənardan göründüyü qədər asan proses deyil. İşçi olarkən düşündüyüm düşüncələr sahibkar olduqdan sonra tamamilə dəyişib.Hər kəsə iş həyatında uğurlar arzu edirəm. Müsahibəyə görə çoxsağolun!